Hər evdən 4 manat yığan Mehdiabad bələdiyyəsi zibilliyə BÜRÜNÜB - ŞİKAYƏT

Hər evdən 4 manat yığan Mehdiabad bələdiyyəsi zibilliyə BÜRÜNÜB - ŞİKAYƏT

Hazırda oxunan: Hər evdən 4 manat yığan Mehdiabad bələdiyyəsi zibilliyə BÜRÜNÜB - ŞİKAYƏT

101313

Abşeron rayonunun Mehdabad qəsəbəsinin mərkəzi küçələri zibil poliqonuna çevrilib. Qəsəbədə hökm sürən natəmizlik və zibillik problemi illərdir həllini tapmır. 13 minə yaxın əhalisi olan Mehdabad qəsəbəsində cəmi iki ərazidə məişət tullantıları üçün qutu qoyulub. Zibillə aşıb-daşan bu qutular isə vaxtında daşınmır. Bu səbəbdən ərazini üfunət və sahibsiz itlər bürüyür. 

Problemdən şikayətlənən qəsəbə sakini Dürdanə Əliyeva Bizim.Media-ya bildirib ki, Mehdabad bələdiyyəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, nəticə dəyişmir:

“Mən buranın bələdiyyəsindən yorulmuşam. İl yarımdır ki, zibil qutuları daşınmır. Qəsəbənin mərkəzində, Təcili Tibbi Yardım Xidmətinin və Polis Şöbəsinin yerləşdiyi küçədə yaşayıram. Yağış yağanda kanalizasiya sularından yol keçmək mümkün deyil. Küçədə işıqlandırma yoxdur. Buranın problemlərini saymaqla bitməz. Sözün əsl mənasında qəsəbə xarabalığa çevrilib.
Bələdiyyəyə müraciət edirəm. “Sizdən başqa adam yoxdur?”, - deyə suala sualla cavab gəlir. Qonşulara da eyni cavab verilir. İcra Hakimiyyətinə zəng edirəm, bir-birlərinə ötürürlər. Hansı bələdiyyədən danışırsız? Burada bələdiyyə ancaq cibini güdür”. 

Şikayətçinin sözlərinə görə natəmizlik bir yana, sahibsiz itlərin əlindən də qəsəbədə tərpənmək mümkün olmur:

“Axşam saat 6-7 dən sonra heç kim küçəyə çıxa bilmir. Mərkəzi küçədə zibil qutularının olmaması nə deməkdir? Biz sakinlər hətta təklif etdik ki, 20 manatdan yığaq, zibil qutuları alınsın. Dedilər, bizlik deyil. Ambulatorun yanında boş sahədə illər idi ki, zibil qutuları qoyulurdu. O ərazi satılandan gündən qutular götürülüb. Yerində isə hündürmərtəbəli bina tikilir. Bələdiyyə 6 nəfərə görə “zibil pulu”nu 4 manat təyin edib. Anam, atam rəhmətə gedəndən sonra da 4 manat veririk. İndi isə övladlarımdan biri Türkiyədə təhsil alır, digəri isə hərbi xidmətdədir. Həyat yoldaşımla özümə görə yenə də 4 manat ödəyirəm. Bəs hanı xidmət?”, - deyə şikayətçi problemin birdəfəlik həll olunmasını tələb edib.

Qeyd edək ki, Mehdiabad qəsəbəsi ölkədə gedən iqtisadi inkişafdan olduqca geri qalıb.

Qəsəbədə ciddi su, kanalizasiya problemi var. Həftədə iki dəfə verilən sudan yalnız qəsəbənin yarısı istifadə edə bilir. Su xəttləri köhnə olduğu üçün ciddi su itkisinə yol verilir. Qəsəbənin mərkəzi yolundan başqa bütün yollar daş-torpaq yoldur. Qış olanda sakinlər palçığın əlindən uşaqları məktəbə apara bilmir. Qəsəbədə körpə uşaqların, yaşlıların istirahət etməsi üçün park yoxdur.
Məsələ ilə bağlı dəfələrlə Mehdabad bələdiyyəsi, icra nümayəndəliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışasaq da, qarşı tərəfdən zənglərimizə cavab verən olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO