Nazirlikdən yeni telefon tariflərilə bağlı AÇIQLAMA

Nazirlikdən yeni telefon tariflərilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazirlikdən yeni telefon tariflərilə bağlı AÇIQLAMA

101310

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon danışıq tariflərinin yenilənməsilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda bildirilib:

“Azərbaycanda sözügedən xidmətlərlə bağlı mövcud tariflər 02.12.2013-cü il tarixindən qüvvəyə minir və sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən hazırda bir abunəçiyə düşən xərc ƏDV daxil olmaqla 3,96 manat səviyyəsindədir.
Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.

Onu da qeyd edək ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.

Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur.

Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.

Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.

Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.

Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO