Xudayar Yusifzadəyə baba yurdunda muzey AÇILACAQ – Anasından AÇIQLAMA

Xudayar Yusifzadəyə baba yurdunda muzey AÇILACAQ – Anasından AÇIQLAMA

Hazırda oxunan: Xudayar Yusifzadəyə baba yurdunda muzey AÇILACAQ – Anasından AÇIQLAMA

100602

“İki ildə çəkdiyim əzabları ifadə edə bilmərəm. Biz şəhid anaları yaşamırıq, yaşayan ölülərik. Onlarla birgə şəhid olduq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə oğlunun ildönümündən danışarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şükür Həmidov və Xudayar Yusifzadənin şəhid olmasından 2 il ötür


Onun sözlərinə görə hər gün balasını ziyarət edir, onunla danışır və dərdləşir:

“Bir ana ki, bala itirə, necə olar? Hər gün Şəhidlər Xiyabanındayıq. Bilirəm ki, xalq Xudayarla qürur duyur. Bir ana kimi bu, məni sevindirir. Allah hər kəsdən razı olsun. Tək Xudayarla yox, bütün şəhidlərimizlə fəxr edirəm. Xudayarın könüllərdə taxt qurduğu “Vətən yaxşıdır” mahnısı bütün şəhidlərimizə, qazilərimizə, bu soyuqda vətəni qoruyan və sevən oğullarımıza aiddir. Bu gün rahat və alnıaçıq yaşamağımızın səbəbi şəhid balalarımızın hesabınadır”.

Radə Yusifzadə yaxın vaxtlarda Xudayarın ən böyük arzusunu gerçəkləşdirəcəklərini də vurğulayıb:

“Arzusu baba yurdunda ev tikmək idi. Orada onun muzeyini tikəcəyik və arzusunu belə yerinə yetirəcəyik. O muzeydə tək Xudayar yox, bütün şəhidlərimizə aid məlumatlar, foto stendlər və əşyalar olacaq”,- deyə ana bildirib.  

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası, Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi. Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 21-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" , "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. 2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. 


Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO