Kürdəmir məktəbindəki QALMAQAL böyüyür – “Jurnalist”i ora rayon Təhsil Şöbəsi GÖNDƏRİB – ŞOK İDDİA 

Kürdəmir məktəbindəki QALMAQAL böyüyür – “Jurnalist”i ora rayon Təhsil Şöbəsi GÖNDƏRİB – ŞOK İDDİA 

Hazırda oxunan: Kürdəmir məktəbindəki QALMAQAL böyüyür – “Jurnalist”i ora rayon Təhsil Şöbəsi GÖNDƏRİB – ŞOK İDDİA 

100590

Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal bitmək bilmir. Məktəbin ikinci sinif şagirdi Ayxan Abdulovun atası Elşən Abdulov ibtidai sinif müəllimi Xatirə Əhmədovaya 3 ildir problem yaşadır. Oğlu ilə prinsip apardığını və sinifdə ayrıseçkilik edərək ona dərs öyrətmədiyini iddia edərək, təzyiq və təhdidlər edir. Ən son isə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndəsi, atası və “press” geyimində “jurnalist”lə birgə məktəbə basqın edərək Xatirə Əhmədovanı dərsdən çıxarmışdı.

Həmin olaydan qorxan şagirdlər ağlayaraq, müəllimələrinin polis tərəfindən aparıldığını zənn etmişdilər.

Hətta bununla bağlı videogörüntülər də yaymışdıq. Hadisədən bir həftə keçməsinə baxmayaraq nə Elm və Təhsil Nazirliyi, nə rayon Təhsil Şöbəsi, nə də məktəbin direktor əvəzi Ülkər Quliyeva problemi yoluna qoya bilir. 

Halbuki saytımıza açıqlama verən Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov valideynlə müəllimi kompromisə gətirəcəyini, məsələni həll edəcəyini bildirmişdi. Tərəflər arasındakı qalmaqal daha da kəskin şəkil alıb. 

Son hadisədən sonra səhhəti pisləşən və müalicə alan Xatirə Əhmədova bülletenə çıxsa da, qarşı tərəf onu rahat buraxmır.

Bizim.Media-ya danışan pedaqoqun iddiasına görə növbəti dəfə Elşən Abdulovun ailəsi və onlara yaxın “jurnalist” Etibar Bəşirov tərəfindən ünvanına böhtanlar yağdırılır:

Şagirdlərə qarşı psixoloji terror başlayıb...

“Səhhətimlə məşğul ola bilmirəm. Hər gün bir böhtanla və təzyiqlə üzləşirəm. İndi də dərs dediyim ikinci sinif şagirdlərinə qarşı psixoloji terrora başlayıblar. Valideynlərin mənə verdiyi məlumata görə dünən Elşən Abdulovun məktəbdə xadimə işləyən bibisi sinfə girərək uşaqlara hədə-qorxu gəlib, "qayıdanda  müəllimənizin başına oyun açacağam” deyib. Uşaqlar təşvişə düşüblər. Bundan başqa şagirdlər və onların valideyni müxtəlif şəxslər tərəfindən tək- tək sorğuya çəkilir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmir məktəbində şagirdlərin ağladığı görüntüləri çəkən müəllim CƏZALANDIRILDI 


Xatirə Əhmədova bildirib ki, öz haqlarımı müdafiə eləməklə bərabər,  şagirdlərinin də mənəvi terroruna son qoyulması üçün aidiyyati orqanlara müraciət edib:

“Artıq Elşən Abdulov haqqında Kürdəmir Rayon Polis Bölməsinə məlumat vermişəm Ayrıca Kürdəmir Rayon Prokurorluğuna ərizə ünvanlamışam. Şərəf və ləyaqətimi təhqir edən, mənə təzyiq göstərən, hətta şiddət edən şəxslərlə bağlı ölçü götürülməsini istəmişəm. Elşən Abdulov, onun qardaşı Rövşən Abdulov, Rövşənin həyat yoldaşı Nərmin, Nərminin  atası Elşən Abdulovun bibisi Saçlı, eləcə də Təhsil Sektorunun müdiri Rəfail Məmmədov, Göyçaydan jurnalist adı ilə gələn Etibar Bəşirovun və dərsimə basqın edildiyi gün orada olan hər kəsin araşdırmaya cəlb olunmasını xahiş eləmişəm. Özünü jurnalist kimi qələmə verən Etibar Bəşirovun fəaliyyətinin araşdırılması məqsədilə Mətbuat Şurasına müraciət etmişəm. Bir müəllim olaraq gələcəyimiz olan şagirdlərimin travma almasını, cəmiyyətə qarşı inamsız böyümələrinin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, kürsülərini qorumaq üçün 8 yaşlı uşaqları qorxudub yalan danışmağa vadar edənlər öz layiqli cəzasını alacaqlar”. 

“Jurnalist” məktəbə Rəfail Məmmədovun göstərişi ilə gedib.

Sözügedən basqında özünü jurnalist kimi qələmə verən Etibar Bəşirovdan da münasibət aldıq. “Xəbərlər.info” saytında 2 ay işlədiyini, son olaylara görə rəhbərlik tərəfindən xaric edildiyini vurğulayan Etibar Bəşirov Kürdəmir məktəbinə məhz həmin rayonun Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun icazəsi ilə (Rəfail Məmmədov saytımıza açıqlamasında “jurnalist”i tanımadığını açıqlamışdı) getdiyini bildirib:

“Ora mən özbaşına getməmişdim. Şagirdin babası problemi danışdı və xahiş etdi ki, həll edim. Oktyabrın 12-si valideynlə birgə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun qəbulunda oldum. Təhsil Şöbəsinin giriş-çıxışında kameralar da var. Yoxlatdıra bilərlər. Məsələni izah etdim.


Rəfail müəllim bildirdi ki, həftənin cümə günü məktəbə gələrsiz, biz də ora gedəcəyik. Sonra Kürdəmir Rayon İcra Hakimiyyətinə getdim. İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli ilə görüşdüm. Məsələni onlara da izah edib, komissiya ayrılmasını xahiş etdim. O da sözümü eşitdi və komissiya ayırdı. İki gün sonra Rəfail müəllimin nümayəndəsi mənə zəng edərək “10:30-da məktəbdə olun” dedi. Mən, şagirdin valideynləri, Rəfail müəllim və icra hakimiyyətindən komissiya məktəbdə olduq. Xatirə Əhmədovanın üzərinə hücum olunmayıb. Sadəcə problemi aydınlaşdırmağa getmişdik. Onun valideynlə şəxsi intriqası var. Çünki direktorun o müəllimə gücü çatmır”.

“Xəbərlər.info” adlı media qurumu yoxdur...

Etibar Bəşirov heç bir yerdə fəaliyyəti görünməyən, rəsmi səhifəsi belə olmayan “Xəbərlər.info”dan çıxarılması məsələsinə də toxunub:

“Bir ay yarım idi ki, orada çalışırdım. Siz bu məsələni ictimailəşdirəndən sonra işdən çıxarıldım. Elə bildilər ki, doğrudan da məktəbə basqın etmişəm. Vəsiqəmi də geri çəkdilər”. 

“Jurnalist”ə “rəhbərinizlə bizi əlaqələndirin, sizin media qurumunda çalışdığınızı və sonra azad etdiyini təsdiqləsin” desək də Etibar Bəşirov məsələdən yayınaraq, “sayta girin, əlaqə nömrələri var” deyə qeyd etdi. 
 

Saytın adını axtarışa versək də, “Xəbərlər.info” adına media qurumuna rast gəlmədik və “jurnalist”i araşdırmağa başladıq. Məlum oldu ki, Göyçay sakini Etibar Bəşirov həmin rayonun Məşğulluq İdarəsində fəhlə işləyir. 


Əlavə olaraq onu da qeyd edək ki, reketçiliklə məşğul olduğu iddia edilən Etibar Bəşirov “Facebook” hesabında Bizim.Media xəbər portalının fəaliyyətinə kölgə salacaq açıqlamalar yayaraq, ciddi media qurumunu dezinformasiya və yalan məlumatlar  yaymaqda ittiham edib.

Üstəlik xəbər portalında çalışan əməkdaşlara qarğış edib. Ümid edirik ki, qeyd olunan bütün məsələlərə aidiyyəti qurumlar hüquqi qiymət verəcək.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO