Suriyadakı qruplaşmaların əsas internet saytında yerləşdirilən videorolik bunu təsdiq edir
Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmalar sırasında azərbaycanlılardan ibarət qrupun olması yeni xəbər deyil. Xəbər verdiyimiz kimi, bir neçə “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı, əsl adı Nicat olan Sumqayıt sakini öldürülüb.
Məlumatlara görə, Suriyada döyüşlərə qatılan 250-300 azərbaycanlı var. Onlardan biri, Xaçmaz rayonu, Köhnə Xaçmaz sakini 1988-ci il təvəllüdlü Anar Mahmudov “Yeni Müsavat”a Suriyada niyə və necə getməsindən, orada döyüşməsindən danışmışdı. “Yeni Müsavat”ın 8 sentyabr tarixli sayında “Xaçmazlı fəhlə Bəşər Əsədə qarşı...” sərlövhəli yazıda A.Mahmudov Suriyaya sələfi şeyxi Fovzanın fitvası əsasında getdiyini və yaralandığını söyləmişdi. O, Suriyada azərbaycanlıların olmasını demiş, yaralanaraq Azərbaycana qayıdandan sonra xüsusi xidmət orqanlarının ona çoxsaylı fotolar göstərdiyini, həmin fotolardakı şəxsləri Suriyada görüb-görmədiklərini xəbər aldığını açıqlamışdı.
Suriyadakı qruplaşmaların əsas internet resurslarından olan //fisyria.com/ saytında yerləşdirilən bir videorolikdə bir daha orada azərbaycanlıların olması təsdiqlənir. “Dceyş muxadcirin va ansar” zaxvatıvaöt novıe territorii" (“Mühacir və Ənsar Ordusu” yeni əraziləri ələ keçirir-E.M)sərlövhəli yazıya əlavə olunmuş 14 dəqiqəlik videorolikdə mücahidlərin öldürdüyü hərbçilərin cəsədləri nümayiş etdirilir, Əmir Seyfullah ləqəbli çeçen əsilli səhra komandiri Bəşər Əsəd ordusundan qənimət götürülən hərbi texnikaların adlarını sadalayır. Videorolikin (//www.youtube.com/watch?v=_v1I_nNe5f8#t=356) 5.49-cu dəqiqəsində Azərbaycan dilində danışıq eşidilir. Kadr arxasında olan azərbaycanlı döyüşçülərdən biri başqasına “bu birisi nədir, bu da tankdır” sualını verir. Cavab isə qısa olur: “BMP”dir, görmürsən..."
Videorolikin sonrakı hissəsində Suriya hökumət qoşunları zabitlərinin girov götürülməsi səhnəsi yer alır.
Ehtimal olunur ki, azərbaycanlılardan ibarət qruplaşma Suriyanın Hama, Humus, İdlib şəhərlərində Bəşər Əsəd hökumətinə qarşı döyüşür.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ölkə ərazisində törədilməsi planlaşdırılan və törədilən terror aktlarında “Sumqayıt camaatı”nın adı “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan qrup kimi keçir. 2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyev də məhz “Sumqayıt camaatı”nın rəhbərlərindən idi. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb və Bakıya gətirilib. İndiyədək bu qrupun 31 üzvü tutularaq məhkəmə qarşısına çıxarılıb. Suriyadakı döyüşlərə “Quba və Qusar camaatlığı”nın üzvlərinin qatıldığı da sirr deyil.































































































