Moderator.az Azərbaycan maarifçilik hərəkatının öncüllərindən olan şair filosof, hərbçi Abbasqulu ağa Bakıxanov haqqında maraqlı tarixi əhvalatı təqdim edir. Doğrudur, bəzi mənbələrdə danışacağımız hadisəni yalnız rəvayət kimi qeyd edirlər. Yəni, gerçəkdən yaşandığına inanmırlar. Bəzi mənbələr isə belə bir əhvalatın həqiqətən olduğunu, lakin müəyyən təhriflərə məruz qaldığını söyləyirlər. Üçüncü qismin fikrincə isə, əhvalat həqiqətən də tarixdə olduğu kimidir:
Abbasqulu ağa Bakıxanov polkovnik (bəzi tədqiqatçılara görə general) rütbəsində istefaya çıxandan sonra Şərq ölkələrinə səyahətə çıxır. 1846-cı ilin noyabrında isə Məkkə ziyarətinə gəlir. İran şahının vəliəhdi Abbas Mirzə də aşura günü öz çadırını Məkkənin kənarında qurmuşdu. Prins öz çadırının önündə iri hərflərlə bu sözləri yazdırmışdı:
Bu sərbazu əsas şahzadə
Olaydı kaş o dəmdə Kərbalada
Abbasqulu ağa 26 il rus ordusunda qulluq etdiyindən qoşunlarını, eləcə də Abbas Mirzənin özünün bir sıra döyüşlərdə rusların qarşısından necə qaçdıqlarının şahidi olmuşdu. Ona görə də bu sözlərin altından yazır:
Busati cəng olan saatda qaçardı
Qoyardı sərvəri-dini arada!
Bu məsələni şahzadəyə çatdırırlar. Təbii ki, şahzadə çox hirslənir və əmr edir ki, onu yazan kişini təcili tapıb gətirsinlər. Şahzadə əmr edir ki, boynunu vursunlar. Abbasqulu ağa deyir: “Madam ki, qətlimə fərman verirsiniz, onda heç olmasa icazə verin, gedim çadırda namazımı qılım gəlim”. Şahzadə naəlac qalıb icazə verir. Abbasqulu ağa çadırına girib paltarını dəyişir, rus generalı formasını geyinib geri qayıdır. Kişini rus generalı formasında görən Abbas Mirzə əlayağa düşür və üzürxahlıq edir. Abbasqulu ağa ona deyir: “Belə qərar verməkdə gərək tələsməyəydin. Bəlkə mən elə sadə bir adam olaydım, onda nə olardı?” Şahzadə səhvini başa düşür və yenidən üzr istəyir. Abbasqulu ağa da onu bağışlayır.
Moderator.azxa0




























































































