“Geosiyasi və regional vəziyyət dəyişdiyi üçün Qarabağ məsələsi ilə bağlı qərarlar erməni tərəfinin istəklərini təmin etməyəcək. Həqiqətən çətin vaxtlardı. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən realizm tələb olunur ki, düzgün qərarlar qəbul edək”
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Vaaqn Xaçaturyan ötən şənbə günü səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanı bir az da gözləmək lazımdır…” – Fərid Şəfiyev səbəbini AÇIQLADI
Səslənən fikirlərlə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya fikirlərini bölüşüb.
Müsahibəsində o bildirib ki, “Böyük Ermənistan” ideyası fiaskoya uğrayıb:
“Artıq bəzi ermənilər deyirlər ki, “heç zaman belə bir iddia olmayıb, bu yanlışlıqdır”. Amma, belə bir iddia olub. Təxminən 10 il qabaq Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan gənclər qarşısında çıxış edərkən demişdi ki, “bizim nəsil Qarabağ məsələsini həll edib, gənc nəsil isə Qərbi Emənistan torpaqlarına sahib çıxmalıdır”. Yəni söhbət Türkiyə ərazilərindən gedir. Bildiyimiz kimi ermənilər Türkiyənin şimal-şərq ərazilərinə də iddia edirlər”.
Ermənilər nələri itirdiklərinin fərqindədir.
Fərid Şəfiyev bir məsələni qeyd etdi ki, 2020-ci ilin avqustunda Ermənistanın o zamankı prezidenti “Sevr müqaviləsini” gündəmə gətirmişdi.
“Baxmayaraq ki, bu “müqavilə” heç zaman qüvvəyə minməmişdi. Ona görə də bu qeyri-hüquqi bir sənəddir. O zaman, bu sənədə ilk etiraz edən Jirar Liparidyan olmuşdu. O bildirmişdi ki, “siz faktiki Türkiyəyə ərazi iddiası irəli sürürsünüz”. Belə iddialar zaman-zaman olub.
Amma fakt budur ki, Ermənistan uzun illərdir ki, təcrid olunub. Əhalinin sayı ilbəil azalır. Və bu demoqrafik vəziyyət davam etsə yaxın 50 ildə Ermənistanın yox olma ehtimalı var. Azərbaycanın böyük qələbəsi olmasa idi Ermənistan Türkiyə və digər qonşularına qarşı sərsəm iddialarla çıxış edəcəkdi”.
Ermənilər Azərbaycana qarşı ərazi iddialarından geri çəkilir.
Politoloq onu da əlavə edib ki, Ermənistan prezidentinin son çıxışı da onu sübut edir ki, Azərbaycana qarşı ərazi iddialarının yeri yoxdur. Beynəlxalq ictimaiyyət bunu dəstəkləmir. Çünki, Ukrayna münaqişəsi göstərdi ki, ərazi bütövlüyü beynəlxalq aləmdə əsas element olaraq qalacaq. Bu reallıqdan çıxış edən Ermənistan prezidenti də öz çıxışları ilə ölkəsinin əhalisini müəyyən addımlara hazırlamaq istəyir.
Ermənilər yeni taktika seçir.
Fərid Şəfiyev sonda bildirib ki, bu bəyanat o demək deyil ki, Ermənistan bütün iddialarından əl çəkir:
“Xeyr. Ermənistan üçüncü dövlətlərin əliylə müəyən iddialarına nail olmağa çalışacaq. Hazırda separatçıların “işçi qrupu” Ermənistandadır. Burda müəyyən taktiki gedişlər hazırlanır. Yəqin ki, ermənilər üçüncü ölkələrin əliylə sübut etməyə çalışacaqlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz. Bu zaman onları etnik təmizləmə gözləyir və sair.
Bu məqsədlə “xilas naminə ayrılma” konsepsiyasını irəli sürməyə hazırlaşırlar. Yəqin ki, bu məsələdə Ermənistan birbaşa iştirak etmiyəcək. Bunu erməni diasporası üçüncü dövlətlərin əliylə irəli sürəcəklər. Baxmayaraq ki, bu tip konsepsiyaların heç bir perspektivi yoxdur. Bu sadəcə sülh prosesini ləngidə bilər”.
Surxay Atakişiyev, Bizim.Media