Silah sənayesinin son onilliklərdə sürətlə inkişaf etməsi nəticəsində bir sıra müasir, uzaqmənzilli raketlər meydana çıxıb. Artıq müharibə zamanı tərəflər bir neçə min kilometr məsafədən düşmən hədəflərini məhv etmək iqtidarındadırlar.
Buna əyani olaraq Rusiya-Ukrayna müharibəsində də şahidlik edirik. Belə ki, Rusiya ordusu hətta Xəzər dənizindən Ukraynadakı bir sıra obyektlərə raket zərbələri endirir. Bu vəziyyət isə bir sıra aspektlərdən narahatlıq doğurub.
MÖVZU İLƏ BAĞLI:
Qara dənizdə gərginlik: Rusiya raketləri işə saldı
Xüsəsən də, sosial şəbəkələrdə uzaqmənzilli raketlərin uçuş halında olan təyyarələrə tuş gəlmək ehtimalları müzakirə olunur.
Bəs, raketlərin mülki təyyarələrə toqquşma ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, qanadlı ballistik, hava tipli raketlərin, o cümlədən zenit raketlərinin mülki təyyarələrlə toqquşması praktiki olaraq mümkündür:
“Lakin aidiyyatı qurumlar bu prosesləri həyata keçirərkən, müəyyən hesablamalar, təhlükəsizlik tədbirləri həyata keçirirlər ki, belə hadisələr baş verməsin. Çünki daha əvvəl İranda, eləcə də Ukraynada Rusiya raketi ilə mülki təyyarənin vurulmasına rast gəlmişik.
Buna görə də, mülki təyyarələrin müharibə zonalarında təhlükəsizliyinin təmin edilməsi mühüm məsələdir. Bu həm hərbçilərin, həm də mülki aviasiyada çalışan şəxslərin peşəkarlığının və təhlükəsizliyin təmin olumasında atacağı addımlardan asılıdır. Ümumilikdə isə hərbi əməliyyatlar zonasında hansısa raketin mülki aviasiya təyyarəsini təsadüfən, yaxud qəsdən məhv etməsi ehtimalı istisna olunmur”.
Murad Əhmədov, Bizim.Media