Müraciəti təqdim edirik: "Mən Qazıyev Rahab Həsən oğlunun 20 ildir ki, bu ölkədə hüquqları pozulur. Dəfələrlə ölkə başçısına, hökumət idarələrinin rəhbərlərinə bu haqda müraciətlər eləmişəm. Təəssüflər olsun ki, bü günə kimi heç bir müraciətimə cavab ala bilməmişəm, daha doğrusu mənim müraciətlərimə cavab verməməklə yenə də, həm vətəndaş, həm də insan hüquqlarım pozulub. İndi məndə belə bir təəssürat yaranıb ki, bu dövlət də, bu hakimiyyət də, onu təmsil edən vəzifə sahibləri də məni nə vətəndaş sayır, nə də insan yerinə qoyurlar. Əks təqdirdə, bu illər ərzində, ötəri də olsa, müraciətlərimə diqqət yetirər, onlara heç deyilsə, başdansovdu cavavlar verərdilər. Bunlar isə məni heç görmək və dinləmək belə istəmirlər. Bu deyilənləri nəzərə alaraq
BƏYAN EDİRƏM
Mən Qazıyev Rahab Həsən oğlu 2015-ci il, noyabrın 1-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində istirak etməkdən imtina edirəm. Bu səbəblə də Sizlərdən xahiş edirəm ki, dairə və məntəqə nümayəndələrini mənzilimə göndərərək məni narahat etməyəsiniz.
Həmçinin də 8-ci seçki dairəsindən namizədliyini verən vətəndaşlardan da xahiş edirəm ki, iqtidar və ya müxalifət təmsilçisi olmağınızdan asılı olmayaraq, təbliğat-təşviqat işlərinə start veriləndən sonra öz tərəfdaşlarınızı mənim mənzilimə göndərməyin.
Bu bəyanatımla mən həm də ölkəmizdə aparılan anti-milli, anti-vətəndaş və anti-insani siyasətə öz etirazımı bildirir, ölkənin sıradan bir vətəndaşı olaraq, bu siyasətdə iştirakdan imtina edirəm".
Qeyd edək ki, Rahab Qazıyev sabiq müdafiə naziri Rəhim Qazıyevin qardaşıdır.




































































































