“Ölkələr arasındakı ikitərəfli və beynəlxalq sazişlər dövlətlərarası diplomatik əlaqələrlə tənzimlənir. Diplomatların öz ölkəsinə geri göndərilməsində ən çox rast gəldiyimiz hal diplomatın olduğu ölkədə cinayət hadisəsi törətməsidir. Onlar diplomatik toxunulmazlığa malik olduqları üçün həmin ölkədə mühakimə oluna bilmir və geri qaytarılırlar”.
Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında bu sözləri söyləyən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, diplomatik xidmət haqqında hər ölkənin öz qanunları olur, lakin bəzi xüsusi hallar da var ki, bütün ölkələrin diplomatları üçün keçərlidir. Bu hallara aiddir:
1.Diplomatların qadağan olunmuş yerlərə getməsi
2.Cəsusluq zamanı ölkə üzrə qadağan olunmuş sənədlərin toplanması
3.Diplomatın xidmət göstərdiyi ölkə haqqında böhtan xarakterli məlumatların paylanması
Ekspert qeyd edib ki yuxarıda qeyd olunan hallarda diplomat üçün non-qrata elan olunur və fəaliyyət göstərdiyi ölkədən çıxarılır.
Bu kimi məsələlərdə dövlətin idarə formalarının da təsirini qiymətləndirən hüquqşünas-ekspert əlavə edib ki, diplomatlarla bağlı yanaşmanın formalaşmasında məhz bu faktor həlledici olur.
“Əgər dövlətlət parlamentli respublika formasındadırsa, bu zaman həlledici rolu parlament oynayır. Prezidentli-parlamentli respublikalarda isə prezidentin münasibəti diplomata qarşı sərgilənən münasibətdə önəmli ola bilər.
Monarxiya üsulu ilə idarə olunan dövlətlərdə isə vəziyyət tam başqa cürdür. Parlamentli monarxiyada xarici diplomatın ölkədən xaric olunması ilə bağlı xüsusi hallarda həlledici qərarı parlament verir. Dualist monarxiyada isə icraedici və qanunverici hakimiyyət məhz monarxa məxsus olduğu üçün xarici diplomatların ölkədən vaxtından öncə azad olunması birbaşa olaraq onun səlahiyyətindədir”.
Leyla Şah, Bizim.Media