Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən kənarda yerləşən torpaqlar (yollar, kəndlər) Azərbaycanın nəzarətinə keçəcək.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, üç il ərzində tərəflərin razılığı ilə Laçın dəhlizinin marşrutunda dəyişiklik edilməlidir.
Paşinyanın sözlərinə görə, dəyişiklikdə məqsəd Ermənistanla Qarabağın dağlıq hissəsi arasında daha dayanıqlı və etibarlı yol marşrutunu təmin etməkdir. Ermənistan hazırda rus tərəfdaşları ilə işçi müzakirələr aparır, çünki dəhliz Rusiya sülhməramlılarının tam nəzarəti altında olmalıdır.
"Bizim işgüzar müzakirələrimizdə belə bir anlayış var ki, yeni marşrut daha keyfiyyətli olacaq", - baş nazir bildirib.
Ərazilərin, xüsusən də Azərbaycanın nəzarətində olacaq Laçın şəhəri və Zabux kəndinin əhalisinə gəlincə, Paşinyan bildirib ki, Ermənistan hökuməti onları evlə təmin edəcək.
O xatırladıb ki, Azərbaycan hazırda alternativ yol inşa edir: "Bu yol məsafə baxımından Laçın dəhlizindən daha uzundur".
Bizim.Media