Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bizim.Media xəbər verir ki, Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.
O, dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək" – Ceyhun Bayramov
Azərbaycan Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.
Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.
O, Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.
Ceyhun Bayramov Bolqarıstan Prezidentinə bölgədəki postmünaqişə vəziyyəti barədə, o cümlədən azad olunmuş ərazilərin bərpası və yenidən qurulması və sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib.
Bolqarıstan tərəfinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək olmaq niyyəti yüksək qiymətləndirilib.
Nazir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidentinin təbrik məktubunu təqdim edib.
Bizim.Media