“Ümumiyyətlə, idarəçilikdə yeni, müasir dünyagörüşlü, çağdaş çağırışlara cavab verən insanların olması hər zaman müsbət haldır”.
Bu fikirləri Fərid Hacıyevin Milli Məclisə aparat rəhbəri təyin olunması ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin yeni Aparat rəhbəri məlum oldu
Partiya sədri əvvəlki aparat rəhbəri Səfa Mirzəyevin uzun müddətdir müvafiq vəzifəni icra etməsi ilə bağlı da fikirlərini bölüşüb:
“Milli Məclis 1995-ci ildə yaranıb və 1997-ci ildən Səfa Mirzəyev aparat rəhbəri vəzifəsini icra edib. Təbii ki, onun təcrübəsi var. Lakin 25 il bir vəzifə üçün çoxdur. Bəzən eyni vəzifədə bu qədər qaldıqda reallıq hissi itir və özünü tutduğu vəzifədən daha yüksək görməyə başlayırlar. Güman edək ki, Fərid bəy fəaliyyətində daha uğurlu olar”.
Tural Abbaslı yeni təyinatla bağlı gözləntilərini də açıqlayıb:
“Doğrudur, aparat rəhbəri elə bir vəzifədir ki, ictimaiyyət onu tez-tez görməyəcək. Daha çox 125 deputatın və Milli Məclisin işinin tənzimlənməsində onun fəaliyyəti görünəcək. Hər halda uğurlar arzulayıram. Mən yeniliyin tərəfdarıyam. Arzulayıram ki, Milli Məclisin işinin təşkilində insanları bilik və bacarıqlarına uyğun qiymətləndirər”.
Qeyd edək ki, 1989-cu ildə anadan olan Fərid Hacıyev Milli Məclisin aparat rəhbəri vəzifəsində Səfa Mirzəyevi əvəz edib. Sabiq aparat rəhbəri 1997-ci ilin fevralından bu ilin mayına kimi sözügedən vəzifəni icra edib.
Fərid Hacıyev isə daha əvvəl Milli Məclis spikerinin köməkçisi, Parlamentin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.
Murad Əhmədov, Bizim.Media