“Ümid edirəm ki, 2021-ci il Qarabağın bərpası ili olacaq və cəmiyyətimiz bu prosesdə iştirak edəcək”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Bizim.Media-nın “2021-ci ildən gözləntiləriniz” sorğusuna cavab olaraq belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafa: ''Bu şəxslərin çoxu iflas vəziyyətindədir''
Millət vəkili qədəm basdığımız yeni ildə Qarabağın quruculuq sahəsində bir çox addımlara imza atılacağını istisna etməyib.
Paralel olaraq parlamentdə daha çox pandemiyanın nəticələrinin ortadan qaldırılması istiqamətində təkliflər və ya addımlar atılması ilə bağlı məsələlərə baxılacağını vurğulayan deputat bunun üçün nə lazımsa edəcəklərini də əlavə edib:
“Cari məsələlərə və gedişata uyğun məsələləri parlamentdə qaldırırıq. Cəmiyyəti düşündürən bütün istiqamətdə işimizə davam edəcəyik”.
Fazil Mustafa 2020-ci illə bağlı yadda qalan ən mühüm hadisəni də bölüşüb. O, 2020-ci ilin bütövlükdə millətimiz üçün uğurlu və möhtəşəm il olduğunu qeyd edib:
''44 günlük Vətən savaşında qalibiyyətimiz həm də şəxsi mənada bütöv bir problemdən qurtulmağımızdır. Qarabağ müharibəsinin həlli ən böyük arzularımızdan biri idi və buna da nail olduq''.
''Bundan əlavə pandemiya şərtlərinə baxmayaraq şəxsi mənada da nəzərdə tutduğum bir çox işləri həyata keçirə bildim. 2020-ci ildə 3 kitabım çapdan çıxdı. Bu da çalışmaların bir nəticəsi idi. Ona görə də 2020-ci ili uğurlu saya bilərəm''.
Alçina Amilqızı, Bizim.Media