“44 günlük müharibənin nəticəsi bütün siyasi bloklardan güclüdür” - Zərdüşt Əlizadənin ŞƏRHİ 

“44 günlük müharibənin nəticəsi bütün siyasi bloklardan güclüdür” - Zərdüşt Əlizadənin ŞƏRHİ 

Hazırda oxunan: “44 günlük müharibənin nəticəsi bütün siyasi bloklardan güclüdür” - Zərdüşt Əlizadənin ŞƏRHİ 

73974

Son həftələrdə ABŞ rəsmilərinin Cənubi Qafqazla, xüsusilə də Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı açıqlamalarına tez-tez rast gəlirik. Ələxsus da, dövlət katibi Entoni Blinkenin simasında regiona artan diqqət daha çox hiss edilir.

Bu tendensiyanın davamı olaraq mayın 11-də Blinken tərəfindən ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh sazişinə dəstəyi ifadə olunub.

ABŞ-ın artan fəallığının səbəblərini Bizim.Media üçün şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, 44 günlük müharibəyə qədər Birləşmiş Ştatların bölgəyə təsir üçün aktiv mexanizmi var idi:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ erməniləri bizim məsələmizdir, Ermənistana heç bir dəxli yoxdur” – Zərdüşt Əlizadə


“Minsk qrupunda Amerikanın həmsədrliyi istənilən siyasi qərarın qəbuluna təsir etmək imkanı verirdi. Müharibədən sonra isə Fransa və ABŞ-ın təsir gücü azaldı, siyasi proseslərin gedişinə Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə nəzarət etməyə başladı.

Bu Amerikaya sərf edə bilməzdi. Ona görə onlar bölgəyə qayıtmaq və təsir mexanizmi olan Minsk qrupunu bərpa etmək istəyirlər. Qərbdən gələn açıqlamalarla “biz də varıq” mesajını verməyə çalışırlar”.
Politoloq Azərbaycan tərəfinin okeanın o tayından gələn mesajlara mövqeyini də şərh edib:

“İlham Əliyev nəzakətlə bunları dinləyir, təşşəkkürünü bildirir və öz siyasətini yürüdür. Çalışır ki, kənar qüvvələri cəlb etmədən bu məsələni həll etsin. Çünki istənilən kənar qüvvə öz maraq və mənafelərini təmin etməyə çalışır. Onlar xeyriyyəçiliklə məşğul olmurlar, erməni və azərbaycan xalqlarının mənafeyi onların vecinə deyil. Makronun, Baydeninin, Blinkenin zəngləri də bununla bağlıdır. Lakin 44 günlük müharibənin nəticəsi bütün siyasi bloklardan güclüdür.  Yəni, bu qələbə daha güclü amildir, nəinki xarici qüvvələrin təsiri”.

Zərdüşt Əlizdə Avropa İttifaqı ilə ABŞ-ın Cənubi Qafqazdakı maraqlarındakı fərqlərdən də danışıb:

“Demək olmaz ki, Avropa Birliyi öz siyasətində ABŞ-ı, Fransanı nəzərə almır. Amma Aİ-ni siyasi oyunçu kimi təsəvvür etsək görə bilərik ki, Birliyin milli yox, qitə maraqları var. Qitə maraqları isə tələb edir ki, Avropada əmin-amanlıq olsun, müharibə olmasın. Bu maraqlar barış tələb edir. Fransa və ABŞ-ın maraqları isə tələb edir ki, razılaşmada onların xarici siyasətinin, milli iqtisadiyyatının, transmilli şirkətlərinin maraqları nəzərə alınsın. Lakin Aİ-nin bu cür istəkləri yoxdur”.

Politoloq Aİ və ABŞ-ın fəallığının həm də Rusiyanı bölgədən uzaqlaşdırmaq niyyəti ilə bağlı olduğunu qeyd edib:

“Erməni müxalifətinin İrəvanın küçələrində canfəşanlıq etməsi, sinələrini cırıb, bağırmaları məhz Rusiya ilə bağlıdır. Rusiya istəyir ki, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə müqavilələrində elə bəndlər olsun ki, Moskvanın çömçəsi həmişə suyu bulandıra bilsin. Çox çalışır ki, Qarabağdakı “sülhməramlar”ın statusu beynəlxalq sənədlə uzunmüddətli səciyyə alsın. Azərbaycan bunu istəmir, Ermənistana isə bu lazım deyil. 

Onda da müxalifət qışqırmağa başlayır ki, Nikol Paşinyan xaindir. Paşinyanı çağırırlar Moskvaya, hədələyirlər, o da təbəssümlə bunu nəzərə alacağını deyir, lakin qayıdıb öz bildiyini edir. Çünki onun arxasında Qərb durub. Qərb isə çalışır ki, Rusiya bölgədə söz sahibi olmasın.
Biz də bunu istəyirik. Lakin biz bunun təbii bir proses kimi olmasını istəyirik. Qabağa düşüb kimləsə kəllələşmək fikrində deyilik. Qoy hadisələr öz axarı ilə getsin və elə bir vəziyyət yaransın ki, Rusiya söz sahibi məqamından çıxsın”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO