Sahibə Qafarova İsveçrənin vitse-prezidenti ilə görüşdü - FOTO

Sahibə Qafarova İsveçrənin vitse-prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova İsveçrənin vitse-prezidenti ilə görüşdü - FOTO

73868

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 11-də bu ölkənin Vitse-prezidenti Alan Berset ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Alan Berset ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib.

O, ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini qeyd edib.

Alan Berset 2018-ci ilin yanvar ayında İsveçrə Konfederasiyasının Prezidenti kimi, Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq deyib ki, dövlət başçıları arasında müsbət dialoq münasibətlərimizin dərinləşməsinə impuls verir.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən spiker qeyd edib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə təkan verir.

O, diqqətə çatdırıb ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır.

Sahibə Qafarova, xüsusilə iqtisadi sahədə mövcud olan əməkdaşlığı qeyd edərək, bildirib ki, bu gün qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əməkdaşlıq, biznes forumların və görüşlərin təşkili iqtisadi əlaqələrimizin daha da gücləndirilməsinə imkan verir.

İsveçrənin Azərbaycanda enerji və qeyri-neft sektoruna investisiyalar yatırdığını xatırladan spiker ölkəmizdə əlverişli və geniş investisiya mühitinin yaradıldığını bildirib.

Spiker Sahibə Qafarova Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. 

Milli Məclisin sədri Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, həmçinin, qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafında xalqlarımızın ümumi dəyərləri mühüm rol oynaya bilər.
Bundan başqa, birgə mədəniyyət tədbirlərinin təşkili, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi bu əməkdaşlığı daha da gücləndirə bilər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO