“Kommunikasiyaların açılması ilə bağlı işçi qrupları işini davam etdirir. Delimitasiyaya gəlincə isə, Ermənistan bu prosesə start verdiyi andan işçi qrupun heyətlərinin formalaşması ilə bağlı məlumat veriləcək”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
“Sülh prosesinə siyasi iradə, sabitlik tələb olunur. Azərbaycan sülhdə israrlıdır və bu istiqamətdə görülən işləri dəstəkləyir”, - deyə nazir müavini əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq” - XİN
Xələf Xələfov Qazaxın Ermənistanın nəzarətində olan 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı da fikir bildirib:
“Qazaxın 7 kəndi, Kərki və digər bununla bağlı məsələlər delimitasiya kontekstində öz həllini tapmalıdır. Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Təbii ki, bu ərazilərdə nəzarətin bərpa olunması delimitasiya prosesi ilə bağlı olduğu üçün, bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması müzakirə olunub, öz həllini tapacaq”.
Səkinə Yusibli, Bizim.Media