“2020-ci il Azərbaycan tarixində şərəfli bir hadisə ilə yadda qaldı. 30 il əvvəl işğal olunan torpaqlarımız faşist düşüncəli ermənilərdən azad olundu.
Bu səbəbdən düşünürəm ki, 2020-ci ildə nə qədər çox uğur qazansaq da, həmin nailiyyətləri 44 günlük savaşda əldə olunan zəfərlə müqayisə etmək olmaz. 2020-ci ilin 44 günü son 200 ilimizə brabərdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı dedi. Onun sözlərinə görə, 2020-ci ili xalqımızın tarixində zəfər ilidir:
“Digər yaddaqalan hadisə isə odur ki, koronavirusun dünyanı cənginə aldığı bir zamanda, əksər ölkələrdə iqtisadi böhran yaşandığı vaxt kəsiyində Azərbaycan hər mənada dünyanın ən az itki verən dövlətlərindən biri oldu.
Bununla yanaşı Azərbaycan pandemiya ilə əlaqədar 30-dan çox ölkəyə yardım göstərdi.
Eyni zamanda BMT tarixində nadir olan hadisə də yaşandı. Belə ki, 75 ildə ilk dəfə ən böyük təsisat olan BMT növbədənkənar xüsusi sessiya keçirdi və prezident İlham Əliyevin təşəbbüsü təsdiqləndi. Təşəbbüs BMT-yə üzv dövlətlərin pandemiyaya qarşı əməkdaşlığına yönəlmişdi.
Ən əsası da odur ki, prezidentin bu təşəbbüsü 155-dən çox ölkə tərəfindən dəstəkləndi. Bu da Azərbaycan xalqının bu il ərzində qazandığı uğurlardandır”.
2021-ci il haqqında gözləntilərindən bəhs edən millət vəkili Məlahət İbrahimqızı əvvəlcə vurğuladı ki, yeni ilin koronavirus üzərində qələbə ili olmasını istəyir:
“Çünki bu gözəgörünməz bir düşməndir. Bununla mübarizə aparmaq o qədər də asan deyil. Pandemiya ayrıca fərdlərə deyil, xalqın sağlamlığına olan bir təhlükədir. Digər tərəfdən ermənilərin Herosima və Naqasakinin gününə saldığı Qarabağımızda yenidənqurma işlərini gözləyirik.
Prezidentin də dediyi kimi, Qarabağ nəinki Azərbaycanın, regionun ən gözəl diyarına çevriləcək. Şəhid ailələri, qazilər, hərbçilərimiz cəmiyyətimizin ən şərəfli insanları olacaq.
Ali Baş Komandanın sözləri ilə desək, Vətən müharibəsində qazandığımız zəfər bizim şərəfimizi qaytardı, ləyaqətimizi qaytardı, qürurumuzu qaytardı və məğrurluğumuzu dirçəltdi”
Bu zəfəri şəhid və qazilərimizin tökülən qanı ilə yazmışıq deyən millət vəkili hərbçilərə ehtiramını bildirməklə yanaşı, təqvimin yeni ilində ordumuza daha da güclü olmağı arzuladı.
Anar Rəhimov, Bizim.Media