Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO 

Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO 

68662

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib. 

Nazir, Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda əhəmiyyətini vurğulayıb.

İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edən nazir, qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına müsbət təkan verdiyini bildirib. 

Nazir Ceyhun Bayramov 7 aprel tarixində Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edərək, bu xüsusda təbriklərini və xoş arzularını qarşı tərəflə bölüşüb. 

İsrail Dövlətinin turizm naziri Yoel Razvozov Azərbaycana səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlət başçısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli təmasları məmnunluqla qeyd edib.

İki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri və bu əlaqələrin daha da inkişafı potensialı vurğulanıb.  

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və s. istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar. 
Görüşdən sonra nazir Ceyhun Bayramov və nazir Yoel Razvozov Xarici İşlər Nazirliyində təşkil edilmiş, Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO