“Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi - FOTO/VİDEO
Onun sözlərinə görə, Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir:
“Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur.
Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir.
Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır”.
Bizim.Media