Azərbaycan mədəniyyət nazirinin müavini Prezidentə yazdı

Azərbaycan mədəniyyət nazirinin müavini Prezidentə yazdı

Hazırda oxunan: Azərbaycan mədəniyyət nazirinin müavini Prezidentə yazdı

6249

Bizim.Media Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

Möhtərəm cənab Prezident,

2020-ci il Azərbaycan tarixinə böyük Qələbə ili kimi düşdü. Sizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qətiyyətiz, yenilməz siyasi iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin yeni şanlı səhifəsi yazıldı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Sizin rəhbərliyiniz ilə öz şərəfli missiyasını uğurla yerinə yetirərək böyük və tarixi Qələbəyə imza atdı. 44 gün sürən Zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar əldə etdi.

Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Sizin yüksək diplomatik səriştəniz, sarsılmaz iradəniz və möhtəşəm liderliyiniz ilə diplomatiya sahəsində də ölkəmizin parlaq qələbələri təmin olundu.

Yenilməz Ordumuzun zəfər yürüşü günlərində Siz beynəlxalq mediaya müsahibələrinizdə, xarici ölkələrin liderləri ilə danışıqlarınızda Azərbaycanın haqq səsini dünyaya çatdırdınız, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdiniz. Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan öz gücünü göstərdi.

Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində geniş tikinti-quruculuq işləri aparılacaq, Azərbaycan xalqının milli sərvəti olan tarix-mədəniyyət abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız bərpa ediləcək, bütün torpaqlarımız dirçəldiləcək, yaşayış məkanlarımız canlandırılacaq, öz doğma yerlərindən didərgin düşmüş həmvətənlərimiz tezliklə tarixi yurdlarına dönəcəklər.

İşğalçı, terrorçu, faşist mahiyyətli Ermənistana qarşı müharibədə müzəffər Ordumuzun şanlı qələbəsi və azad olunmuş tarixi torpaqlarımızda üçrəngli müqəddəs Bayrağımızın dalğalanması bütün xalqımız tərəfindən hədsiz sevinc hissi ilə qarşılanır, dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir.

Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillər sırasında son illər ölkəmizdə Sizin rəhbərliyinizlə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, qüdrətli ordu quruculuğu, siyasi münasibətlərin müsbət səviyyədə qurulması, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi kimi əhəmiyyətli nailiyyətlər mühüm yer tutur.

Möhtərəm cənab Prezident,

Bir daha Sizi möhtəşəm qələbəmiz və qarşıdan gələn əlamətdar tarixlər münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, müstəqil Azərbaycanımızın nurlu sabahı, ümummilli qayələrimizin gerçəkləşməsi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Məmmədəliyeva Sevda, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO