Moderator.az VİP sədri Əli Əliyevin Ukraynada baş tutmuş parlament seçkiləri və Azərbaycandakı mövcud siyasi durumla bağlı statusunu oxuculara təqdim edir:
"Ukraynada Rada seçkiləri yekunlaşdı. Bir daha ukraynalılar siyasi yetkinlik nümayiş etdirib, yeni parlamentə sahibləndilər. Beləliklə, Ukraynanın Avropa seçimi təmamilə rəsmiləşdi. Həm Prezident, həm də Rada seçkilərinin nəticələri göstərdi ki, Maydan hadisələri rusiyapərəstlərin iddia etdiyi kimi dövlət çevrilişi deyil, Ukrayna xalqının mütləq əksəriyyətinin soyuqqanlı seçimidir. Əminəm ki,cənab Zaman onların haqlı olduqlarını təsdiq edəcək.
Radaya ilkin nəticələrə görə, 6 siyasi qüvvə keçir. Demək olar ki, milli qüvvələrin əsas spektri parlamentdə təmsilçilik əldə edib. Ukraynalılar, milli sayılacaq əsas güclərdən, sandıqda bircə "Pravıy sektor"u saxladılar. Rusiya təcavüzü zamanı səngərlərdə döyüşən bu siyasi qüvvənin təmsilçilərinin parlamentə girməməsi də Ukrayna dövlətçiliyinin müsbət imicinə xidmət edəcək seçimdir.
Ümumiləşmiş nəticələrə baxdıqda, seçkidə Rusiya növbəti məğlubiyyətini aldı. Beləki, ötən Radada həlledici səs sayına malik 2 fraksiyadan biri- kommunistlər kənarda qaldılar. Regionlar fraksiyası isə bu dəfə "müxalif blok" şərti adı ilə 10%-in altında səs ala bildi. Moskvapərəst korpus Rada daxilində yaxın gələcəkdə arabanın 5-ci təkəri rolunda olacaq. İmperiya mərkəzi bu seçkilərdə çox vacib rıçaqından məhrum oldu. Metropoliya yaxın gələcəkdə yalnız hərbiləşmiş separatçıların xidmətindən istifadə edə biləcək.
Seçkini bitmiş saymaq olar. Dünya seçkini tanıdı. Moskva da bunu bəyan etməyə məcbur oldu. Ukraynada seçkilər bitsə də, azadlıq mücadiləsi davam edir. Tək ukraynalılar üçün deyil-həm də bizim üçün, keçmiş sovet respublikalarının hamısı üçün, hətta Rusiyada yaşayan xalqlar üçün. Valdayda Putinin mövqeyinin dəyişmədiyi, aqressiv xəttin davam edəcəyi açıq sezilirdi. Deməli Şimal təhlükəsi qalmaqdadır.
Ukrayna seçkisi nümunəsində Azərbaycandakı siyasi proseslərlə müqayisə aparmaq faydalı olardı. Əvvəla, uğurlu Rada seçkiləri bir daha sübut etdi ki, 92-93-cü il hakimiyyəti illərində Azərbaycanda Parlament seçkilərinin keçirilməməsi ciddi yanlış idi. Bu ləngliyin siyasi subyektivliyini bildiyimdən, o vaxtkı AXC-Müsavat hakimiyyətinin tarixi səhvinin bahasını təsəvvürə gətirə bilmirəm. Maydan hadisələri göstərdi cəmiyyətin siyasi dayanıqlıq faktoru məhz parlamentdir. Əminəm ki, o vaxt normal parlament seçkiləri keçirilsəydi 93-cü il hadisələri olmayacaqdı.
Digər maraqlı məqam ukraynalıların azad seçimi nəticəsində parlamentdə təmsilçilik əldə etmiş milli qüvvələrin rəngarəngliyidir. Belə məlum olur ki, cəmiyyətə sərbəstlik verdikdə, xalq öz içərisindən siyasi spektrin bütün çalarlarına səs verir. Azərbaycanda isə iqtidarın yürütdüyü, AXC-Müsavat hakimiyyəti varislərinin apardığı siyasət nəticəsində cəmiyyətə təlqin edilir ki, bizdə yalnız 2 qüvvə mövcuddur: YAP hakimiyyəti və 92-93 iqtidarının qalıqları(AXCP və Müsavat). Rada seçkiləri bir daha sübut etdi ki, Azərbaycanda süni yolla yaradılmış mövcud siyasi müstəvi və təssürat saxtadır. Süniliyin müəllifləri bu virtual reallığı cəmiyyətə becə yerə sıramırlar. Vaxtaşırı 92-93-cü illərdə hökm sürən xaos və başıpozuqluğu televiziya vasitəsilə yada salmaqla, cəmiyyəti gipnoz edir və "bizim yerimizə yenə bunlar gələcək" tezisini hamının təhtəl şüuruna pərçimləyirlər. Bu güllə ilə müəlliflər eyni zamanda başqa "dovşanı" da ovlayırlar. Ölkədə yalnız radikal müxalifətin mövcudluğunu həm də oliqarx səviyyəsinə qalxmış məmur ordusuna da nümayiş etdirməklə, "bunlar sizləri asıb-kəsəcək" düşüncəsini onların beyinlərinə yeridirlər. Bu yolla Ukraynanı xilas etmiş oliqarxiyanın Azərbaycan versiyasını ölkəmizin taleyində oynaya biləcəyi pozitiv tarixi missiyadan uzaq salırlar. Hesab edirəm ki, hakimiyyətin icad etdiyi, adı çəkilən müxalifət təşkilatlarının rol aldığı bu düzəni sıradan çıxarmaq lazımdır. Bunu etmədikcə, hakimiyyətdən bezmiş, adı çəkilən cütlüyə isə inanmayan vətəndaş-seçici proseslərə etinasız qalacaq. Belə olduqca isə, xaricilər Azərbaycanın sərvətini daşıyacaq, hakimiyyətdəki ortaqları ilə müxalifətdəki işbaz dostları yaşamlarını davam etdirəcəklər.
Ukrayna hadisələrinin bir dərsi də xalqın geniş kütlələrinin ayaqda olmasıdır. Bütün çatışmazlıqların aradan qaldırılmasının bir yolu var-xalqın fəallığı. Bütün səhvlərin, bütün süniliklərin də əlacı inam və fəallıqdır. Dünyanın heç milləti ədalətli cəmiyyət, rifah və azadlığa oturaraq nail olmayıb, mübarizədə qovuşub. Nə qədər çətin də olsa, hamı bu dəyərlər uğrunda bacardığı şəkildə savaşmalıdır."
































































































