Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Hazırda oxunan: Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

586716

Yaşadığımız əsrin ilk qərinəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilməkdə, möhtəşəm nailiyyətlər salnaməsi kimi zamanın axarında öz yerini almaqdadır.
 

Bu uğurların baş memarı ulu öndər Heydər Əliyevin siyasi irsinin ən böyük varisi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz onun liderliyi ilə müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında intibah mərhələsi davam edir, beynəlxalq münasibətlər sistemində ölkəmiz ildən-ilə daha güclü mövqe sahibinə çevrilir.


Bu mənada tamamilə təbiidir ki, İlham Əliyev şəxsiyyəti, onun fəaliyyəti təkcə Azərbaycan daxilində deyil, regional və qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik proseslərinə təsir göstərən mühüm amil kimi çıxış edir. Belə bir uğur formulunun nüvəsində dayanan başlıca məqam heç şübhəsiz ki, xalq-Prezident birliyi, ötən 22 ildə bu birliyin daha möhkəm özüllər üzərində bərqərar olmasıdır.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:



Bu dövlətlər sırasında Azərbaycan da var

Ali məqsədi mənsub olduğu xalqa, onun yaratdığı dövlətə xidmət olan Prezident İlham Əliyev təkcə bu missiyanı layiqincə yerinə yetirmədi, həm də onun ən yaxşı nümunələrindən birini ərsəyə gətirdi. Məhz bu kontekstdə o da təsadüfi deyil ki, İlham Əliyev Azərbaycan coğrafiyasından kənarda yaşayan soydaşlarımızın da liderinə çevrildi.

Bu, dünya azərbaycanlıları arasında milli birliyin, həmrəyliyin daha da güclənməsinə mühüm təkan verərək, İlham Əliyevin daha bir tarixi xidməti qismində yaddaşlara həkk edildi.

Yenə onun liderliyi ilə Azərbaycan dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız üçün cazibə mərkəzi oldu.



İlham Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etmək yolunda ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, atdığı addımlarla ötən dövr ərzində misilsiz nailiyyətlərə imza ataraq, ölkəmizi Cənubi Qafqazdan kənarda da lider dövlət statusuna yüksəldib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanıdıb.
 

O, qarşıya qoyulan strateji hədəflərə qısa zaman kəsiyində nail olmaqla təkcə Azərbaycan yox, ümumiyyətlə, yaşadığımız region qarşısında yeni perspektivlər açıb. Bu, Avrasiyada enerji və nəqliyyat xəritəsini dəyişdirən layihələr fonunda özünü qabarıq şəkildə göstərir.


Həmin layihələrin miqyası o qədər genişdir ki, ən uzaq məkanlardan, hətta okeanın o tayından belə diqqət cəlb edir. Nəticədə ölkəmizin iqtisadi qüdrəti, həmçinin beynəlxalq nüfuzu daha da artır, Azərbaycan qlobal miqyasda proseslərə yön verən dövlətlər sırasında mövqeyini möhkəmləndirir.



Ölkəmizin inkişaf modeli

Bu gün dünyada Azərbaycana diqqəti artıran əsas məqamlardan biri həm də ölkəmizin inkişaf modelidir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı neft və qaz gəlirlərindən səmərəli istifadə mərhələsinə qədəm qoydu, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritetinə çevrildi.

İnfrastruktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramları, özəl sektora dəstək mexanizmləri, bu qəbildən olan digər hallar ölkədə iqtisadi fəallığı artırdı, əhalinin rifah səviyyəsinin yüksəlməsinə gətirib çıxardı. Azərbaycan iqtisadi sahədə keçid dövrünü postsovet məkanında ən tez başa vuran ölkələrdən biri oldu.



Şanlı qələbənin və sülhün böyük memarı

İlham Əliyevin Prezident kimi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri ölkənin ərazi bütövlüyünün, suverenliyinin bərpası, güclü dövlət və güclü ordu konsepsiyasını həyata keçirmək olub. Onun rəhbərliyi altında Azərbaycan Ordusu maddi-texniki bazasına, peşəkarlıq səviyyəsinə və döyüş qabiliyyətinə görə dünyanın ən güclü silahlı qüvvələrindən birinə çevrildi. Prezidentin qətiyyəti və milli maraqlara sadiqliyi, xalqı öz ətrafında birləşdirməsi Vətən müharibəsində ölkəmizə tarixi qələbəni nəsib etdi.
 

Azərbaycan 21-ci yüzilliyin geridə qoyduğumuz dövründə döyüş meydanında tam və qəti qələbə qazanan yeganə ölkə statusuna yüksəldi. Bununla ata vəsiyyətini və xalqa verdiyi daha bir vədinə əməl edən, şanlı Zəfər yolunun sərkərdəsi olan İlham Əliyev həm də postmüharibə dövründə sülhün memarıdır.


O, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyən təşəbbüslərlə çıxış edir. Bu yanaşma İlham Əliyevin yalnız milli deyil, regional və qlobal məsuliyyət daşıyan lider olduğunun daha bir təzahürüdür.



Tarixin ən güclü Azərbaycanı

Ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksələn Azərbaycana bu gün dünyada yüksək diqqət və maraq ifadə edilir.
 

Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik məharəti Azərbaycana münasibətdə bərabərhüquqluluq prinsipinə daim riayət edilməsini şərtləndirir. Dünyanın istənilən dövləti böyüklüyündən, kiçikliyindən, qüdrətindən asılı olamayaraq, Azərbaycana münasibətdə bunu mütləq nəzərə alır.


Ümumiyyətlə, İlham Əliyev ölkəmizin milli maraqlarının tam təmin edilməsi fonunda bütün tərəflərlə ortaq məxrəcə gələ bilən nadir liderlərdəndir.

İlham Əliyev Azərbaycanın qarşıdakı dövrdəki inkişaf konsepsiyasını da zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Ölkəmizin ən müxtəlif istiqamətlər üzrə qüdrətinin artması, Türk dünyası ailəsində yerinin möhkəmlənməsi, aparıcı aktor kimi beynəlxalq münasibətlər sistemində rolunun davamlı yüksəlməsi, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsi, modern tərəqqi şərtlərinin gözlənilməsi, zamanın çağırışlarına daim adekvat reaksiya verilməsi kimi prioritetlər tarixin ən güclü Azərbaycanının qarşısında yeni uğur perspektivləri açır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO