“Azərbaycan münaqişələrin həllində dünyaya yeni model təqdim edir” – Azər Xudiyev

“Azərbaycan münaqişələrin həllində dünyaya yeni model təqdim edir” – Azər Xudiyev

Hazırda oxunan: “Azərbaycan münaqişələrin həllində dünyaya yeni model təqdim edir” – Azər Xudiyev

580499

Azərbaycanın Ukraynadakı sabiq səfiri, diplomat Azər Xudiyev Bizim.Media-ya müsahibə verib.

O, Ukrayna-Rusiya, Ukrayna-Azərbaycan münasibətləri, o cümlədən, ölkəmizin beynəlxalq aktora çevrilməsi yönündə atılan addımlar barədə fikirlərini bölüşüb.

Azər Xudiyevlə müsahibəni təqdim edirik:

- Azər müəllim, uzun illər Ukraynada yaşayıb, çalışmısınız. Bu səbəbdən Rusiya-Ukrayna münaqişəsi barədə Sizin yanaşmanız çox maraqlıdır.

- Mən bu barədə müsahibələrimdə çox danışmışam. Bu gün Ukrayna-Rusiya münaqişəsi İkinci Dünyan Müharibəsindən sonra bu coğrafiyada baş verən ən böyük hərbi qarşıdurmadır. Müharibə nəticəsində Ukrayna əhalisinin 1/3-ü qaçqın düşüb, on minlərlə insan həyatını itirib. Yüzlərlə şəhər, qəsəbə və kənd yerlə-yeksan edilib, bütün kommunikasiyalar dağılıb. Bir sözlə, Ukraynanın sosial-iqtisadi durumu olduqca ağırdır.

Bəziləri bu faciəni Prezident Volodimir Zelenskinin hakimiyyətə gəlişi ilə əlaqələndirir. Amma bu belə deyil. Münaqişə ocağı Rusiya tərəfindən hələ 2013-cü ildə alovlandırılıb. O zaman Viktor Yanikoviçin devrilməsi ilə Qərb meyilli qüvvələr hakimiyyətə gəldi. Həmin qüvvələr Rusiyadan uzaq dayanmağa, Avropaya inteqrasiya etməyə çalışdılar.

Nəzərə alaq ki, o vaxta qədər Ukrayna Rusiyanın maraqları çərçivəsində hərəkət edirdi. Lakin Qərb meyilli qüvvələr Rusiyanın tam nəzarətindən çıxmaq istədilər. Bu da cavabsız qalmadı. Rusiya əvvəlcə Krımı ilhaq etdi, daha sonra Donetskdə separatizmi alovlandırdı. Yəni Zelenskiyə qədər artıq Ukraynanın 20 faizdən artıq hissəsi Rusiyanın nəzarətinə keçmişdi.

Kreml heç zaman Ukraynaya nəzarəti itirmək istəməyib, bu gün də belədir. Bunun da bir sıra siyasi, iqtisadi səbəbləri var. Obrazlı desək, Belarus Rusiyanın Avropaya uzanan sağ əlidirsə, Ukrayna da sol əlidir. Bu səbəbdən də Rusiya sol əlini itirmək istəmir.

Əslində, bu müharibə Rusiyanın əsl simasını və xislətini bütün sivil dünyaya göstərdi. Aydın oldu ki, Rusiya öz imperialist maraqları üçün ən yaxın qonşularını və dostlarını əzməkdən belə çəkinmir. Məhz bu münaqişədən sonra bir sıra ölkələr, məsələn Qazaxıstan, Azərbaycan və digər dövlətlər Rusiya ilə münasibətləri korrektə etməyə başladılar. Həmin dövlətlər radikal şəkildə olmasa da, tədricən Moskvadan uzaqlaşmağa çalışırlar. Əslində “mərkəzdənqaçma” bu gün bir zərurətdir. Çünki Rusiyanı yaxın gələcəkdə ciddi sınaqlar gözləyir.

- Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda RF Prezident Adminstrasiyanının rəsmisi bəyan eləmişdi ki, yaxın zamanlarda Rusiya qarışacaq, hətta vətəndaş qarşıdurması olacaq. Siz bu proqnozun reallaşması ehtimalını necə dəyərləndirirsiniz?

- Tamamilə, doğru fikirdir. Rusiyanı qarşıdakı illərdə çox ciddi sınaqlar gözləyir. Yada salaq ki, Rusiya tarixən çətin duruma düşəndə inqilabla, vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Yəqin ki, bu dəfə də belə olacaq. Putini də digər çarların aqibəti gözləyir. Nəzərə alaq ki, rus şovinizmində belə bir ənənə var: Öz liderlərini əvvəlcə çiyinlərində aparırlar, sonda isə öz əlləri ilə onu güllələyirlər. Bu mənada Rusiyada baş verəcək qarşıdurmalar bu ölkənin parçalanmasına və yeni subyektlərin yaranmasına qədər gedib çıxa bilər.

- Azər müəllim, münaqişənin ilk günündən Azərbaycan birmənalı şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Amma bəzi hallarda elə görünür ki, Ukrayna xalqı Azərbaycanın mövqeyi ilə bağlı çox az məlumata sahibdir.

- Tamamilə doğru dediniz. Bu məsələdə Ukrayna cəmiyyətində yekdil fikir yoxdur. Bir faktı deyim. Hələ mən səfir işləyəndə Ukraynada ayrı-ayrı rəsmi şəxslər mənə irad bildirirdilər ki, Krımla bağlı keçirilən səsvermələrdə nəyə görə Azərbaycan bitərəf qalır? Mən onlara izah edirdim ki, sizin özünüzün Krımla bağlı fikirləriniz qarışıqdır. Siz öz suveren hüquqlarınızı tələb etmək əvəzinə Krıma beynəlxalq müşahidəçilərin, fəalların, humanitar təşkilatların nümayəndələrinin göndərilməsini istəyirsiniz. Əgər biz də buna səs versək, ertəsi gün Ermənistan bundan istifadə edib Qarabağa beynəlxalq təşkilatları yerləşdirəcəklər. Bu isə Azərbaycanın maraqlarına tamamilə ziddir. Ona görə də Azərbaycan öz milli və dövlət maraqlarına uyğun olaraq Ukraynanın bəzi təşəbbüslərini dəstəkləməyib.

Amma Azərbaycan bütün dövrlərdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, işğalı pisləyib. Bundan əlavə, Ukraynanın bəzi dairələri hesab edir ki, strateji tərəfdaş kimi Azərbaycan Ukraynaya hərbi dəstək verməlidir. Bu da yanlış yanaşmadır. Onsuz da Azərbaycan Ukraynanın yanındadır, ona siyasi, iqtisadi və mənəvi dəstək verir.

Edilən yardımlar bir yana, son 4 ildə müharibə dəhşətlərindən əziyyət çəkən minlərlə Ukarayna məktəblisi Azərbaycanda bərpa-reabilitasiya kurslarına cəlb edilib. Belə bir humanist addımı heç bir dövlət atmır. Amma biz edirik. Bundan böyük dəstək ola bilərmi?!

- Bəs hazırkı dönəmdə Ukrayna cəmiyyətində Azərbaycannın mövqeyinə yanaşma necədir?

- Diplomatiyada “real siyasət” anlayışı var. Yəni hər bir dövlət reallıqdan çıxış etməyə çalışmalıdır. Yersiz ambisiyalar dövlətləri məhvə aparır. Bu gün Qərbdə bir çox ekspertlər etiraf edirlər ki, onların qloballaşma, demokratikləşmə siyasətləri heç də uğurlu olmadı. Bu siyasət sonda Qərbin özündə ciddi problemlər yaratdı və hazırda orada böyük fikir ayrılıqları var.

Bu mənada Azərbaycanın yürütdüyü siyasət sözün həqiqi mənasında unikal, təqdirəlayiqdir. Seçilmiş siyasi kurs milli və dövləti maraqlarına söykənir. Azərbaycan hansısa addımı kiminsə xoşuna gəlsin deyə atmır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan çox çətin regionda yerləşir. Bu gün Qərb həm Rusiya, həm də İranla mübarizə aparır və həmin dövlətlər Azərbaycanın ən yaxın qonşularıdır.

Bu gün Azərbaycan Qərbin yox, özünün milli və dövlət maraqlarını rəhbər tutaraq həm Rusiya, həm də İranla dinc, mehriban qonşuluq şəraitində yaşayır. Azərbaycan öz xarici siyasətini hansısa ambisiyalar üzərində yox, iqtisadi maraqlar üzərində qurur. İqtisadi maraq olan yerdə isə dinclik və firavanlıq var. Ona görə də kənardan Azərbaycan dinamik inkişaf edən, qonşularla sülh şəraitində yaşamağa üstünlük verən bir dövlət kimi görünür. Məncə, bundan daha böyük uğur ola bilməz.

- Təsadüfi deyil ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda vaxtilə separatizm ocağı yaradılıb. Bu ocaqlar zaman-zaman Kremldən idarə edilib. Separatizm ocaqlarının ləğvində ilk dəfə Azərbaycan modeli uğurla tətbiq olundu. Amma nədənsə istər Ukrayna, istərsə də Gürcüstan və Moldova Azərbaycan modelindən bəhrələnmək əvəzinə beynəlxalq ədalətə daha çox önəm verir. Sizcə, buna səbəb nədir?

- Doğru dediniz. Mən ATƏT-də də işləmişəm. O zaman dəqiq öyrənmişəm ki, bu təşkilatın hansısa münaqişənin dinc yolla həlli üçün hansısa resepti və hətta imkanları belə yoxdur. Təsadüfi deyil ki, istər BMT, istərsə də ATƏT bu günə qədər nə Qarabağda, nə Cənubi Osetiyada, nə də Dnestryanı bölgədə hansısa uğura imza atıb. Beynəlxalq təşkilatların hansısa münaqişənin həlli üçün təsir imkanı yoxdur. Onlar ancaq, müzakirələr aparır, bəyanatlar verir, yeri gələndə də qətnamə qəbul edirlər. Qəbul edilən sənədlər isə ancaq bir kağız parçasıdır.

Nəzərə alın ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi 30 ilə yaxın icrasız qaldı. ATƏT-in Minsk qrupu isə ancaq vaxt keçirirdi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürdü və cəmi 44 gün ərzində BMT-nin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin edə bilməyəcəyini etdi. Bununla da dünyaya münaqişənin yeni həll yolu təqdim edildi.

Bu gün beynəlxalq ədalətin təntənəsi deyiləcək bir anlayış yoxdur. Yeni reallıqlar var. O reallıqlardan biri də münaqişənin həllində Azərbaycan modelidir. Baxın, 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları Qarabağ yerləşdirildi. O zaman Qərbdə çoxları deyirdi ki, “Rusiya Azərbaycanı işğal etdi və oradan hərbi bazasını heç zaman çıxartmayacaq”. Amma gördünüz ki, Azərbaycan Rusiya ordusunu çox qısa zamanda və siyasi ustalıqla öz ərazisindən çıxartdı. Bu tarixədək Rusiya heç bir ərazidən öz qoşunlarını qansız-qadasız çəkməyib. Bu ilki də dünyaya Azərbaycan göstərdi.

- Ümumiyyətlə lokal münaqişələrə qlobal yanaşma nə qədər doğrudur? Təcrübə göstərir ki, qlobal yanaşma heç də hər zaman uğurlu nəticə qazandırmır. Elə deyilmi?

- Razıyam. Baxın, bir ay əvvəl Tramp İsrail-HƏMAS müharibəsini sonlandırdığını elan etdi. Bununla bağlı Misirdə böyük bir təqdimat da oldu. Amma 3 gün sonra Yaxın Şərqdə silahlar yenidən danışdı. Tək bu faktın özü göstərir ki, lokal münaqişələrə qlobal yanaşmalar fayda vermir. Çünki istənilən vasitəçinin öz şərtləri, maraqları var. Prosesin gedişində ilk növbədə o maraqlar irəli sürülür. Bu da son nəticədə danışıqları uğursuz edir.

Reallıq ondan ibarətdir ki, münaqişə lokallaşdırılanda və iki tərəf arasında danışıqlar gedəndə nəticə daha uğurlu olur. Çünki tərəflər həmin danışıqlarda yalnız öz maraqlarından çıxış edirlər və lazım gələndə hansısa məsələlərdə güzəştə gedə bilirlər.

Lakin danışıqlar prosesinə qlobal güclər qatılanda münaqişə lokallıqdan çıxır və digər dövlətlərin təsir dairəsinə düşür. Yenə Ermənistan-Azərbaycan münaqişəsinə qayıtmaq istərdim. 10 noyabrdan sonra Ermənistan çox çalışdı ki, Qərb yenidən proseslərə cəlb edilsin. Amma Azərbaycanın qətiyyəti hesabına bu variant gündəmdən çıxarıldı. Bu gün iki qonşu ölkə birbaşa dialoq, birgə müzakirələr aparır və tədricən 35 illik qırılmış kommunikasiyalar yenidən bərpa olunur.

- Və bu siyasətdən hər iki tərəf fayda götürür...

- Əlbəttə. Ermənistan 35 il təcrid şəraitində yaşayıb. Heç bir beynəlxalq və qlobal iqtisadi layihələrdə iştirak edə bilməyib. Amma bu gün Ermənistan üçün böyük perspektivlər açılır. Ermənistan Türkiyə üzərindən Qərbə, Azərbaycan üzərindən isə Şərqə çıxış imkanı əldə edir. Eyni zamanda Azərbaycan Naxçıvanla quru əlaqəsi yaradır və Qərbə ən qısa çıxış yolu qazanır.

Beləliklə, üst-üstə düşən iqtisadi maraqlar təkcə iki ölkəyə yox, həm də regiona sabitlik, sülh və rifah gətirir. Bir daha qeyd etmək istəyirəm ki, iqtisadi maraqların uzlaşdığı yerdə müharibə təhlükəsi sıfıra bərabərdir. İnanırıq ki, bundan sonra sabit, inkişaf edən və müharibədən uzaq bir regionda yaşayıb, çalışacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO