Dövlətlər üçün ideoloji sərhədlərinin qorunması yeni qlobal nizam çərçivəsində həyati əhəmiyyət kəsb edir. Çünki bu sərhədlər pozulduqda dövlətin kimliyi, suveren iradəsi və milli yaddaşı da təhdid altına düşür.
İdeoloji təhdidin qarşısını almaq üçün dünyanın bir çox ölkələri zəruri tədbirlər görürlər. Bu gün ABŞ-dan Çinə qədər bir çox dövlət “5-ci kolon”lara qarşı mübarizədə sistemli addımlar atır.
 
MÖVZU İLƏ BAĞLI:
Daxili təhdidlər və milli kimliyin qorunması – İdeoloji suverenliyin müdafiəsi üçün ZƏRURİ ADDIMLAR
Təəssüflər olsun ki, ölkəmizdə də xarici qüvvələrin əli ilə ideoloji diversiya törətmək istəyən qüvvələr mövcuddur. Söhbət daxili və xarici anti-Azərbaycan ünsürlər - AXCP, Müsavat, “no war” ritorikasına sığınan, feminist və ya “demokratik” maska altında çıxış edən qruplardan gedir. Onların fəaliyyəti planlı şəkildə milli şüuru hədəf almaq məqsədi daşıyır.
Azərbaycanda da milli təhlükəsizliyin ideoloji dayaqlarını möhkəmləndirmək, xaricdən idarə olunan və cəmiyyət daxilində parçalanma yaradan qrupların fəaliyyətinin qarşısını almaq üçün qəti addımların atılması zərurətə çevrilib.
AXCP-Müsavat - Milli maraqlarımızı hədəf alan ünsürlər 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirdi ki, həmin qüvvələrin hədəfi təkcə hakimiyyət yox, dövlət və milli maraqlardır:
 
“AXCP-Müsavat cütlüyü hər zaman anti-milli, destruktiv mövqedən çıxış edib. Hələ 10 il əvvəl Gültəkin Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənliyə xitabən söyləmişdi ki, “gözünüz aydın, neftin qiyməti 15 dollara düşdü”. Cəmil Həsənli də cavab olaraq bildirmişdi ki, “hələ tezdir, neftin qiyməti sıfıra düşəndə sizin muştuluğunuzu verəcəm”.
Halbuki neft Azərbaycanın milli sərvəti və dövlətin əsas maliyyə qaynağıdır. Məhz neft gəlirləri hesabına Azərbaycan güclü ordu qurdu və cəmi 44 günə torpaqlarımız işğaldan azad edildi. Hələ onu demirəm ki, 10 noyabr razılaşmasını bədnam qüvvələr qəbul etmirdi və ironiya ilə deyirdilər ki, “bunlar siyasi oyundur”. Amma reallıq odur ki, Azərbaycan qısa zamanda həm ərazi bütövlüyünü, həm də suveren hüquqlarını bərpa etdi.
Azərbaycan üçün nə pisdirsə, onlar üçün yaxşıdır. Yaxud əksinə dövlətimiz üçün yaxşı olan onlar üçün qəbuledilməzdir. Həmin qüvvələr istəyirdi ki, torpaqlarımız daha uzun müddət işğal altında qalsın ki, onların hakimiyyəti tənqid etməyə faktları olsun. Hesab edirəm ki, bu qədər əqidəsizlik və simasızlıq olmaz”.
Deputat AXCP və Müsavatın Ramiz Mehdiyevlə əlaqələrindən də söz açıb: 
“Təəssüf ki, belə simasızlara Ramiz Mehdiyev kimi yüksək rütbəli məmurlar da havadarlıq edirdi. Ramiz Mehdiyevlə desturktiv müxalifət arasında hər zaman isti münasibətlər olub. Təsəvvür edin ki, Ramiz Mehdiyev PA-dakı vəzifəsindən gedəndən sonra, yəni 2019-cu ildən bəri AXCP-Müsavat cütlüyünün mitinq keçirmək təşəbbüsləri də sonlanıb. Bu faktın özü də göstərir ki, Ramiz Mehdiyevlə bu bədnam qüvvələr arasında ideoloji birlik və həmfikirlik olub”.
“AXCP-Müsavatın siyasi səhnədən getmək vaxtıdır”
Müsahibimiz hesab edir ki, Ramiz Mehdiyev kimi AXCP-Müsavat cütlüyü də Azərbaycanın siyasi səhnəsindən getməyə məhkumdur:
 
“Hər iki siyasi partiyanın cəmiyyətdə heç bir bazası, dəstəkləyici qüvvəsi yoxdur. Yada salaq ki, siyasi partiyaların sonuncu dəfə dövlət qeydiyyatı aparılarkən həm AXCP, həm də Müsavat partiyası tələb olunan 5 min nəfərlik üzvlük məsələsində ciddi sıxıntı yaşadı. On milyonluq ölkədə 5 min tərəfdaşı olmayan hansısa dəstə özünü siyasi partiya kimi təqdim etməsi gülüncdür.
Ona görə də bu cütlüyün Azərbaycanın siyasi səhnəsindən getməsinin zamanı çatıb. Bu cəmiyyətdən gələn bir sosial sifarişdir”.
Surxay Atakişiyev, Bizim.Media
 
					






























































































