İranlı deputat azərbaycanlı həmkarlarına qalmaqallı suallar ünvanlayıb.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, dünən cənub qonşumuzun parlamentində gərgin müzakirələr keçirilib.
Bəzi çıxışların mövzusu isə 44 günlük savaşda Azərbaycanın qələbəsi və Zəfər paradında Türkiyə liderinin söylədiyi ''Araz'' bayatısı olub.
Dekabrın 13-də parlamentin açıq iclasında deputat Mahmud Əhmədi Biğəş türk bölgələrinin millət vəkillərinin Türkiyə prezidentinin Bakıda oxuduğu şeirə səssiz qaldıqları və sükut etdiklərini söyləyərək, onları sərt tənqid edib.
"Nədən bu millət vəkilləri sükut ediblər",- deyən İranın Ərak vilayətinin Şazənd şəhərinin nümayəndəsi İran Azərbaycanının millət vəkillərinin Türkiyə prezidenti Ərdoğanın Bakıdakı oxuduğu bayatıya reaksiyasız qaldığını iddia edərək sərt tənqidlər irəli sürüb.
"Ərdoğanın keçən həftə bəziləri üçün İranın parçalanmasının rəmzi olan Araz-Araz şeirini oxuduğunu bilirsinizmi? Ona cavab verəcək kimsə yoxdurmu? Siz İran xalqının nümayəndələri, sərhədləri qorumaqla məsulsunuz, Azəri nümayəndələrin qeyrəti haradadır?" - deyə, İranlı deputat söyləyib.
Bu sualdan sonra isə, İran parlamenti bir-birinə dəyib. Tribuna önünə gəlib, sərt etirazlarını bildirən deputatlar arasında gərgin mübahisələr yaşanıb.
Bizim.Media