Putin-Bayden görüşü – ABŞ Ukraynanı Rusiyanın orbitindən çıxara biləcəkmi?

Putin-Bayden görüşü – ABŞ Ukraynanı Rusiyanın orbitindən çıxara biləcəkmi?

Hazırda oxunan: Putin-Bayden görüşü – ABŞ Ukraynanı Rusiyanın orbitindən çıxara biləcəkmi?

49452

ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında bu gün keçiriləcək videogörüş bütün dünyanın diqqət mərkəzindədir.

Xüsusilə də, son həftələrdə Ukrayna-Rusiya münasibətlərində gərginliyin pik həddə olması müzakirələrə marağı daha da artırıb.

Əvvəla onu qeyd edək ki, müzakirələr bağlı qapılar arxasında keçiriləcək və görüşdən sonra mətbuata hər hansı açıqlama verilməyəcək. Lakin, hər iki ölkə rəsmiləri görüşün gündəliyi ilə bağlı məlumat veriblər.

MÖVZU İLƏ BAĞLI:

Bayden Putin qarşısında bu məsələni qaldıracaq


Həmin informasiyalara istinadən, görüşdə müzakirəyə çıxarılacaq əsas məsələlərin kibertəhlükəsizlik və strateji sabitlik, Cenevrə görüşündə əldə olunan razılaşmaların praktikada tətbiqi, Rusiya-Ukrayna sərhədindəki eskalasiya, NATO-nun Qərbə doğru hərəkətlənməsi kimi mövzular olacağını söyləyə bilərik.

Rusiya-Ukrayna sərhədindəki eskalasiya ilə bağlı isə, Qərb mətbuatı müharibə siqnalları verməkdədir.

Belə ki, hələ may ayında Ukrayna sərhədlərində təlimə qatılan rus ordusu bölgəni tərk etməyib. Lakin tam əksinə, Rusiya tərəfi Ukraynanı Qərbin təsiri ilə gərginliyi artırmaqda ittiham edir. Xüsusilə də, ABŞ-ın Ukrayana 80 ton həcmində silah-sursat göndərməsi Kremli daha da qıcıqlandırıb. Moskvanı daha da aqressiv ritorikaya məcbur edən digər önəmli nüans isə, NATO-nun Qərb sərhədlərinə doğru daha da fəallaşmasıdır. Kreml bunu öz təhlükəsizliyinə və nüfuzuna açıq təhdid kimi qəbul edir.

Pərdəarxası məqamlar...

Təbii ki, dünya ictimaiyyətinin diqqətinə çatıdırlan məqamları kənara qoysaq, nəhənglərin duelində digər mühüm nüansları da gözdən qaçırmaq olmaz. 

Belə ki, “New York Times”da dərc olunan bir məqalədə, Baydenin regionda əsas məqsədinin Ukraynanı Rusiyanın orbitindən çıxarmaq olduğu qeyd olunub. Rusiya mətbuatı isə, fərqli fikirdədir. Onların iddiasına görə, Vaşinqton Ukraynanı Donbasda əməliyyatlara başlamağa təşviq etməklə, Rusiyanı cavab tədbirləri atmağa vadar etməyə və Moskvanı Avropa ilə birgə sanskiyalara məruz qoymağa çalışır.

“Bild” nəşrinin görüşöncəsi dərc etdiyi informasiya isə, bütün denya gündəmini zəbt etməyi bacardı. Məqalədə, Rusiyanın 2022-ci ilin yanvar-fevralı aylarında 175 minlik ordu ilə Ukraynanı işğal edəcəyi qeyd olunmuşdu. 

Bundan əlavə, Baydenin görüşdən öncə, Makron, Merkel və Zelenski ilə məsləhətlər aparması da məlumdur. Bu, Ağ Ev sahibinin Putinlə müzakirələrdə Avropanın maraqlarını da diqqətdə saxlayacağını deməyə əsas verir.

Rusiya tərəfinin isə, bu zaman kəsiyində Pekinlə əlaqələri, xüsusilə hərbi sahədə genişləndirdiyi bildirilir. 23 noyabrda, Rusiya və Çin arasında birgə hərbi təlimlərlə bağlı gəlinən razılaşmadan sonra, Rusiya müdafiə naziri Sergey Şoyqu bu addımın açıq şəkildə “ABŞ-ın Rusiya sərhədlərində fəallaşmasına cavab” olduğunu dilə gətirmişdi.

Ümumilikdə, artan Rusiya-ABŞ gərginliyi fonunda, əksər ekspertlərin fikrincə, bugünkü görüş müsbətə doğru ciddi irəliləyişlərlə yadda qalmayacaq.

Ən optimist iddialara görə isə, tərəflər öz aralarında yalnız “21-ci əsrin Soyuq Savaşı”nın oyun qaydalarını müəyyənləşdirə bilərlər. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO