Azərbaycan MDB-nin Dövlətlərarası Şurasına qoşulur - Ermənistana görə xüsusi qeyd-şərtlə

Azərbaycan MDB-nin Dövlətlərarası Şurasına qoşulur - Ermənistana görə xüsusi qeyd-şərtlə

Hazırda oxunan: Azərbaycan MDB-nin Dövlətlərarası Şurasına qoşulur - Ermənistana görə xüsusi qeyd-şərtlə

49266

Azərbaycan 2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə qoşulur.

Bizim.Media xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin sabah keçiriləcək birgə onlayn iclasında müzakirəyə çıxarılacaq.

Sazişə əsasən, tərəflər əqli mülkiyyətin qorunmasının və mühafizəsinin dövlətlərarası sisteminin təkmilləşdirilməsi, əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrə birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müxtəlif vasitələrlə əməkdaşlıq həyata keçirir.

Sazişdə qeyd olunur ki, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar.

Şura öz fəaliyyətini müvafiq Əsasnamə əsasında həyata keçirir.

Şura öz fəaliyyətini səlahiyyətləri daxilində həyata keçirən, Hökumət Başçıları Şurasına və MDB İqtisadi Şurasına hesabat verən MDB-nin sahə əməkdaşlıq orqanıdır. Şura sazişin iştirakçısı olan dövlətlərin əqli mülkiyyətin qorunması və mühafizəsinə məsul olan dövlət hakimiyyət orqanlarının rəhbərlərindən formalaşır. Şuranın qərarları tövsiyə xarakterlidir.

Azərbaycan Respublikası Sazişə xüsusi qeyd-şərti ilə qoşulur. Belə ki, bu sazişin müddəaları Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Xatırladaq ki, bundan əvvəl sazişi Rusiya, Ukrayna, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Moldova və Ermənistan imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO