Putindən sülhün dönməzliyi haqda MESAJ - Kremlin yeni Cənubi Qafqaz siyasəti

Putindən sülhün dönməzliyi haqda MESAJ - Kremlin yeni Cənubi Qafqaz siyasəti

Hazırda oxunan: Putindən sülhün dönməzliyi haqda MESAJ - Kremlin yeni Cənubi Qafqaz siyasəti

48032

80-ci illərin sonundan başlayaraq Ermənistanla Azərbaycan arasında alovlanan münaqişə Moskvanın hər zaman diqqət mərkəzində olub. Belə ki, gərginliyin bilərəkdən qızışdırılması, əksər ekspertlərin fikrincə, o zamanki SSRİ hakimiyyətinin İttifaqı qoruyub saxlamaq üçün atdığı ağılsız addımların nəticəsi idi.

Bu yarıtmazlıq isə Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni zəbt etməsi və 30 ilə yaxın işğalda saxlaması ilə nəticələndi.
 

Lakin 44 günlük müharibədə Azərbaycanın öz suveren ərazilərini azad etməsindən sonra, Rusiya tərəfi vasitəçilik missiyasını öz üzərinə götürdü və regionda sabitliyin təmin olunması üçün əməli addımlar atmağa başladı.


Kremlin bu ritorikasının məntiqi davamı olaraq isə, noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə görüş keçirildi. Müzakirələr boyunca Rusiya Prezidenti Vladimir Putinin regionda sülhü təmin etməkdə maraqlı olduğu diqqətdən yayınmadı. Sonda isə, Rusiya lideri, həmkarı İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana sülh rəmzi olan zeytun budağı hədiyyə etdi.

Təbii ki, Kremlin bu transformasiyasının birdən-birə ortaya çıxmadığı da bəllidir. Çünki, nə dünya 90-cı illərdəki dünyadır, nə də həmin ağılsız Sovet siyasətçiləri indi söz sahibləridir.

İndi isə, Rusiyanın bu dəyişən reallıqları dərk etməyə başladığı aydın şəkildə nəzərə çarpır. Bunun əsas səbəbi ilk növbədə iqtisadi maraqlardır. Əgər prosesə Cənubi Qafqaz kontekstində nəzər salsaq, Moskvanın iqtisadi maraqlarının nə qədər böyük olduğunu görə bilərik. Xüsusilə də, regionda kommunikasiyaların bərpasının Kremlin maraqlarına nə dərəcədə uyğun olduğunu təkrarən yada salmağa, ehtiyac yoxdur.

Eyni zamanda Rusiya 30 il davam edən münaqişənin heç bir fayda gətirmədiyini dərk etməyə başladı. Ən əsası isə, inkişaf edən Azərbaycan fonunda, məğlub atı qamçılamağın fayda gətirməyəcəyini və bunun tam əksinə regiondakı digər böyük güc olan Türkiyəni də özündən uzaqlaşdıracağını görən Kreml Cənubi Qafqaz siyasətini dəyişməyə məcbur oldu.

Putindən sülh simvolu

Sadaladığımız nüanslar fonunda, Moskvanın siyasətində iqtisadi və siyasi maraqları ön plana çəkərək sülhpərvər ritorika seçməsi Soçi görüşündə də özünü aydın şəkildə nümayiş etdirdi. Putin öz hədiyyəsi və müzakirələr zamanı sərgilədiyi mövqeyi ilə öz niyyətinin nədən ibarət olduğunu ortaya qoydu. Görünən qədərilə, indiki situasiyada Moskvanın Paşinyanı yola gətirmək üçün əsas gedişi məsələni sülh yolu ilə nizama salmaqdır. 
 

Təbii ki, Moskvanın bu cür seçim etməsi başadüşüləndir. Çünki keçmiş münaqişə tərəfləri vasitəçiliyi Rusiyaya həvalə ediblər və regionda sülhməramlı missiyasını da rus hərbçiləri yerinə yetirir. 


Eyni zamanda Cənubi Qafqazda sülhün açarının keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin yeganə vasitəçisi olan Rusiyanın əlində olduğu da  hər kəsə bəllidir.

Həmin açarı regionun qapılarından təkrar keçmək üçün fürsət gözəyən Minsk qrupunun digər iki həmsədrindən qorumaq istəyən Moskvanın Soçi görüşündə ciddi addımlar atacağı gözlənilən idi.

Kremlin isə sülhpərvər ritorika seçməklə öz vasitəçilik missiyasına uyğun davrandığını əminliklə söyləyə bilərik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO