Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülən "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həm-müəllif qismində qoşulub:
"Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır.
COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.
BMT Baş Katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır.
Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olmuşdur.
Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək qətnamə layihəsinə dəstək verən və ona həm-müəlliflik edən bütün dövlətlərə öz minnətdarlığını bildirir".
Bizim.Media