Ombudsmandan erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Ombudsmandan erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Hazırda oxunan: Ombudsmandan erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

46490

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatı yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

“Dərin təəssüf hissi ilə bildiririk ki, 2021-ci ilin 16 noyabr tarixində Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə yaralanıb.

Ermənistan tərəfinin ölkəmizin döyüş postlarını müxtəlif çaplı atıcı silahlardan, o cümlədən qumbara atanlardan, minaatan və artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutması nəticəsində hərbi qulluqçularımızın qətlə yetirilməsini və yaralanmasını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin növbəti dəfə qəsdən pozulması faktı kimi qiymətləndirir və kəskin şəkildə pisləyirik.
 

MÖVZU İLƏ BAĞLI:

“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” – Politoloqdan ÖZƏL 


Ermənistanın Azərbaycana qarşı qəflətən həyata keçirdiyi növbəti təcavüz aktının dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağıran 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə təsadüf etməsi Ermənistanın digər dövlətlərlə və xalqlarla mehriban qonşuluq mühitində yaşamaq istəmədiyini bir daha sübut edir.

Ermənistanın Azərbaycana məxsus torpaqları yenidən işğal etmək məqsədilə hücum əməliyyatlarına başlaması qeyri-tolerant imicə malik olan bu ölkənin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə və ümumbəşəri dəyərlərə hörmətsizliyinin bariz nümunəsidir.

Son dövrlər təcavüzkar siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasızlıq mühitindən bəhrələnərək Azərbaycanın dövlət sərhədində vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş təxribatçı hərəkətləri regionda yeni münaqişə ocaqlarının yaranmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olub.

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsini tələb edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO