Noyabrın 3-də Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini bu ölkənin Prezidenti cənab Emoməli Rəhmona təqdim etmişdir.
Bizim.Media xəbər verir ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona çatdırıb.
Səfiri təyinatı münasibətilə təbrik edən Tacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirmiş və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.
Prezident Emoməli Rəhmon ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etimad prinsiplərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini və hər gün daha da səmərəli olduğunu qeyd edib.
O, Tacikistan Respublikasının iki ölkə arasında dostluq münasibətlərin və konstruktiv əməkdaşlığın ardıcıl olaraq dərinləşməsində və genişlənməsində daim maraqlı olduğunu vurğulayıb.
Bizim.Media