20-21 oktyabr tarixlərində Moskvada Ermənistan, Rusiya və Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli komissiyasının görüşü nəzərdə tutulub. Komissiyanın adından da göründüyü kimi, əsas müzakirələr dəmiryol və digər nəqliyyat məsələləri ilə bağlı olacaq.
Bizim.Media xəbər verir ki, bəzi ekspertlər üçtərəfli görüşdə 3 ölkənin liderlərinin görüşünə hazırlıq məsələlərinin, tarix və məkanın müəyyənləşdirilməsinin də müzakirə predmeti olacağını iddia edirlər.
MÖVZU İLƏ BAĞLI:
Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri nədən danışacaqlar? – DETALLAR açıqlandı
Moskva görüşündə sülh sazişi barədə diskussiyaların aparılacağı versiyasını istisna etməyən mütəxəssislər də var.
Bəs, görüş barədə Zərdüşt Əlizadə nə düşünür?
“Sülh sazişi hələlik ağlabatan deyil. Amma liderlərin görüşünün müzakirəsi mümkündür. Sülh sazişinə hələ xeyli var. Çünki mübahisəli məsələlər əvvəlcə aydınlaşdırılmalı, sonra tədricən yaxınlaşdırılmalı, ardınca razılaşdırılmalıdır. Bütün bu işləri görmək üçün mütəxəssislərin görüşüb danışması lazımdır. O cümlədən, ekspertlər hansısa müsbət nəticə əldə edəndə xarici işlər nazirlikləri səviyyəsinə qaldırılır.
Xarici işlər nazirləri razılaşdırandan sonra məsələ prezidentlər səviyyəsinə gəlir.
Amma prezidentlərin konkret nəticə olmadan görüşməsi də müsbət hadisədir. Çünki bu zaman öz aralarında hansısa bir iri məsələdə razılaşıb nazirlərə və mütəxəssislərə tapşıra bilərlər ki, müəyyən sənədləri razılaşdırılmış məcrada hazırlasınlar”.
Politoloqun fikrincə, bütün hadisələrin inkişafı müsbət istiqamətdədir.
Bizim.Media