“France-24” Prezident İlham Əliyevlə müsahibədə Qarabağa muxtariyyət verilməsi ilə bağlı da sual ünvanlayıb. Azərbaycanın lideri isə suala konkret cavab verib.
Bütün bunların fonunda Qərbin erməni separatçılarına görə “status qabartma”ları haqqında nə deyə bilərsiniz?
“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. 30 ilə yaxındır ki, diplomatik turizmlə məşğul olan və münaqişənin ancaq dondurulmasına nail olan Minsk Qrupunun fəaliyyətsizliyi Ermənistanın özünü cəzasız hiss edib yenidən təxribatlara başlamasına səbəb oldu. Azərbaycanın sərt mövqeyi isə bütün problemlərin həllinə gətirib çıxardı” deyən millət vəkili Asim Mollazadə təkrarladı ki, Azərbaycanın Müzəffər Ordusu BMT-nin qətnamələrini, beynəlxalq təşkilatların üzərinə düşən bütün işləri görür.
Bizim.Media-ya özəl cavabında deputat bildirdi ki, münaqişə öz həllini tapıb. Hazırda hansısa “status” söhbətləri isə təəssüf doğurur. Çünki bu, bəzi ölkələrin bitmiş münaqişəni müəyyən yollarla guya mövcud konflikt kimi göstərmək istəyi ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da baş verən ixtişaşların qaynağı - Asim Mollazadə ilə MÜZAKİRƏ
Asim Mollazadənin fikrincə, həmsədr ölkələr olan ABŞ və Fransanın bəzi addımları “Njde ideologiyası” ilə yaşayan erməni diasporunun istək və təsirinin nəticəsidir:
“Fransanın bir sıra şəhərlərində, hətta Marselin meri erməni icmasının nümayəndəsidir. Yaxud Kaliforniyada da onların fəallığı var. Müharibə yaradan qüvvələrin təsiri ilə Qarabağda yaşayan ermənilərin əksəriyyəti ABŞ və Fransaya qaçıb. Odur ki, ermənilərə statusu Fransada da, Amerikada da vermək olar. Hətta ermənilər Rusiyanın bəzi bölgələrinə də iddialıdırlar”.
Deputatın sözlərinə əlavə olaraq qeyd edək ki, ermənilərin Soçini özlərinin ikinci paytaxtı adlandırması da təsadüfi deyil. O ki qaldı münaqişəyə:
“Münaqişə tam bitib və hansısa ölkələr müsbət addım atmaq istəyirlərsə, erməniləri sülh istiqamətinə kökləməlidirlər.
Onlar çalışmalıdırlar ki, Azərbaycana dəstək verməklə yüzminlərlə qaçqın və məcburi köçkün öz evlərinə qayıtsın. Bunun üçün İrəvandan mina xəritələri tələb edə, bərpa prosesinə dəstək verə bilərlər. Hansısa statusdan danışmaq və ya digər gərginlik yaradan məsələləri qaldırmaq sülh prosesinə ancaq maneçilik törədər”.
Bizim.Media