PA rəhbərinin bildirdiyinə görə, Qərblə Şərq arasında körpü rolunu oynayan ölkəmiz, hazırda bir sıra iri böyük layihələrin əsas iştirakçlarından biridir
“Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran Prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir.”
Moderator.az xəbər verir ki, bunu Ukraynanın “Şəxsiyyətlər” jurnalının Prezident İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib. O qeyd edib ki, artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli haqqında danışılır:
“Şərqlə Qərb arasında yerləşən Azərbaycan müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini rəhbər tutur. Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır. Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir”. R.Mehdiyev bildirib ki, çoxmillətli Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplar arası münaqişələrə səhnə olmayıb və olmayacaq da: “Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivizilaziyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir”. PA rəsmisi bildirib ki, Azərbaycanın keçid dövründə əldə etdiyi iqtisadi inkişaf, çoxsaylı nailiyyətlər yeni müstəqillik qazanan dövlətlər üçün bir nümunədir:
“Bu gün Azərbaycan dünya siyasi arenasında öz layiqli yerini tutub. Cənubi Qafqaz regionunun lideri kimi çıxışı kimi edən Azərbaycanın razılığı olmadan regionda heç bir iri layihə həyata keçirilmir. Prezident İlham Əliyevin şəxsi istedadı və bacarığı sayəsində bu gün Azərbaycan dünyanın ən surətlə inkişaf edən ölkələri sırasındadır. Prezident İlham Əliyevin fəaliyyəti artıq Azərbaycanın hüdudlarını aşıb. Qərblə Şərq arasında körpü rolunu oynayan ölkəmiz, hazırda bir sıra iri böyük layihələrin əsas iştirakçlarından biridir. Bütün bunlar isə Azərbaycanın qarşısında yeni parlaq səhifələr açır. Bu gün heç kim şübhə etmir ki, müasir Azərbaycan dünya dövlətləri tərəfindən tanınan, hesablaşılan nüfuzlu dövlətlərdən birinə çevrilib. Hakimiyyətdə olduğu müddətdə Prezident İlham Əliyev Azərbaycan xalqının böyük hörmət və ehtiramını qazanıb, bunun nəticəsidir ki, o, prezident seçkilərində böyük fərqlə qalib gələrək növbəti dəfə Azərbaycanın prezidenti seçildi”.
“Şəxsiyyələr” jurnalının növbəti xüsusi buraxılışının Prezident İlham Əliyevə həsr olunması yüksək qiymətləndirən R. Mehdiyev əminliklə bildirib ki, bu nəşr Ukrayna ictimaiyyətinin Prezident İlham Əliyevin həyat və fəaliyyəti haqqında daha geniş məlumat almasına kömək edəcək.



































































































