Türkiyə-Ermənistan dialoqu reallığa çevrilir? – Rəsmi açıqlamalarda gizlənən MESAJLAR

Türkiyə-Ermənistan dialoqu reallığa çevrilir? – Rəsmi açıqlamalarda gizlənən MESAJLAR

Hazırda oxunan: Türkiyə-Ermənistan dialoqu reallığa çevrilir? – Rəsmi açıqlamalarda gizlənən MESAJLAR

38515

Son dönəmlərdə yaşadığımız regionda siyasi proseslərdə müəyyən dalğalanmalar müşahidə olunur. Bir sıra gərginliklərin siqnalları verilsə də, müsbət yöndə də bəzi addımlar atılır. Xüsusilə də, Türkiyə və Ermənistan arasında dialoqun qurulması ilə bağlı hər iki tərəfdən ilkin çağırışlar gəlməkdədir. Belə ki, daha əvvəl rəsmi İrəvan Türkiyə ilə əlaqələri normallaşdırmaqda maraqlı olması ilə bağlı müəyyən açıqlamalar səsləndirib.

Buna müvafiq olaraq, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyanın “Armenpress”ə verdiyi açıqlamada ölkəsinin rəsmi Ankara ilə dialoqa hazır olduğunu bildirən fikirlər səsləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da, rəsmi İrəvanın bu çağırışına cavabı geckiməyib. Belə ki, Ərdoğan BMT Baş Assambleyasının toplantısından öncə mətbuata verdiyi açıqlamada Ermənistanla dialoqa hazır olduqlarını bildirib. Lakin Türkiyə lideri bunun baş verməsi üçün rəsmi İrəvanın müsbət addımlar atmasının vacibliyini də qeyd edib.
 

Bundan əlavə Ərdoğan sentyabrın 23-də Nyu-Yorkda türkiyəli jurnalistlərə verdiyi müsahibəsində Paşinyandan müsbət siqnallar aldığını da gizlətmiyib.


Ankara-İrəvan dialoqu ilə bağlı növbəti xəbər isə erməni mətbuatından gəldi. Belə ki, yayılan məlumatlarda adı məlum olmayan Türkiyə rəsmilərini daşıyan təyyarənin İrəvana eniş etdiyi qeyd olunub.

Türkiyə-Ermənistan dialoqu nə qədər realdır?
 

MÖVZU İLƏ BAĞLI:

ƏRDOĞAN: "Nikol Paşinyandan müsbət mesajlar alırıq"       


Ümumilikdə, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşmasının, təbii ki, müsbət tərəfləri çoxdur. Lakin bu prosesin qısa müddətdə baş verməsi 30 ilə yaxın davam edən soyuqluqdan sonra o qədər də real görünmür. Buna baxmayaraq, Ermənistan tərəfinin dialoqda maraqlı olduğunu bildirməsinin sözdə yox, əməldə olması ehtimalları heç də az deyil. Təsadüfi deyil ki, Ermənistan hökumətinin qarşıdakı 5 il üçün nəzərdə tutulan prioritetləri arasında Türkiyə ilə əlaqələrin normallaşdırılması məsələsi də öz yerini tapıb.

Rəsmi Ankaraya gəlincə isə, vəziyyət bir qədər fərqlidir. 
 

Belə ki, Türkiyə rəsmilərinin də qeyd etdiyi kimi, rəsmi İrəvandan müsbət addımların gəlməsi danışıqların başlaması üçün əsas şərtdir.


Eyni zamanda, Ankara rəsmi Bakı ilə koordinasiyalı şəkildə Ermənistanla dialoqa gedəcəklərini bəyan edib. Bu isə, onu deməyə əsas verir ki, Paşinyan hökuməti Azərbaycanın tələblərinə uyğun şəkildə müəyyən addımlar atmasa, Ankara-İrəvan dialoqunun nəinki müsbət nəticə verməsi, ümumiyyətlə reallaşması gözlənilən deyil.

Ümumilikdə isə, Türkiyə tərəfinin Ermənistanın çağırışlarına cavab verməsi özü-özlüyündə də müsbət addım sayıla bilər. Belə ki, Türkiyə danışıqlara hazır olduğunu dilə gətirməklə məsələlərin sülh yolu ilə həllində marağını, eyni zamanda Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasında ilkin addımları atmağa hazır olduğunu nümayiş etdirib. 

Bundan əlavə, Türkiyə və Ermənistan arasında dialoqla bağlı ilkin çağrışların gəlməsi isə bir sıra vacib proseslərin baş verməsini tətikləyəcək. 
 

Belə ki, ilk olaraq bölgədə normallaşmaya ən çox ehtiyac duyan Ermənistan Türkiyənin, dolayısı ilə Azərbaycanın maraqlarına cavab verən tələbləri yerinə yetirməyə məcbur olacaq.


Belə olan halda isə, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması və üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsi kimi həllini gözləyən məsələlərin yaxın perspektivdə tarixə qovuşacağını ehtimal etmək olar.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO