Azərbaycanı hədələmək İrana nə verəcək? – Politoloqdan CAVAB

Azərbaycanı hədələmək İrana nə verəcək? – Politoloqdan CAVAB

Hazırda oxunan: Azərbaycanı hədələmək İrana nə verəcək? – Politoloqdan CAVAB

38355

“İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayıb və sərhəddə hərbi təlimlərə başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ


“Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməzkən, nədən torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi?

Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin. Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur.

Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib ki, görüş yeri kimi İran paytaxtı seçilib. Görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər”.

Politoloqun fikrincə, İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq:

“Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyinin süni surətdə artırılmasına yol verməməkdir. Gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.

Onlar Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO