Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ

Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ

Hazırda oxunan: Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ

36764

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib. O, bildirib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. 

Bizim.Media xəbər verir ki, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında Səid Xətibzadənin şərhinə münasibət bildirib. Onun sözlərinə görə əvvəla Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturu yanacaqla dolu məhsulları Azərbaycan sərhədini pozaraq erməni separatçılarına daşıyır:

“Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır. İkincisi, Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranın Qərbdən 30 milyon vaksin istəyi – Avropa İranla razılaşacaqmı? 


Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir. 

Üçüncüsü, Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur”. 

O ki qaldı, Tehranın “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, politoloq bu məsələdə də İranın başqa məqsədləri olduğunu qeyd edib:
 

“Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib?


Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməlidir. Çünki Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımaqdan yayınır.

Ermənistan hər iki ölkə ilə sülh sazişi imzalamadığına görə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən çəkinir. Türkiyə-Azərbaycan hərbi ittifaqı isə digər ölkələrə qarşı yönəlməyib. Buna baxmayaraq, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb”.

Elxan Şahinoğlu əlavə edib ki, İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib:
 

““Azərbaycan niyə İranla deyil, Türkiyə ilə strateji münasibətlər qurub” sualı illərdir Tehranda bağlı qapılar arxasında səslənib. İranın siyasi dairələri anlamaq istəmirlər ki, Azərbaycan üçün məzhəb prinsipi yaddır, milli və təhlükəsizlik maraqları önəmlidir.


Azərbaycanın milli və təhlükəsizlik maraqları isə Türkiyə ilə ittifaqı gücləndirməyi diqtə edir, bunu ikinci Qarabağ savaşı da göstərdi. Qarabağ separatçılarına yanacaq daşıyan dövlət isə bizə tərəfdaş deyil, sadəcə qonşudur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO