AXCP sədri Əli Kərimli Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənli haqqında öz Facebook hesabında status yazıb.
Moderator.az həmin statusu olduğu kimi təqdim edir:
“Bu maneəni də aşdıq. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması gecikdirildikcə, hökumətin açıq və gizli tərəfdarları sevincək olmuşdular ki, Milli Şura dağılacaq, müxalifət seçkiyə 4-5 namizədlə gedəcək. Belələrini sevindirmədik. Xeyli zəhmət bahasına olsa da, müxalifət daxilində razılıq əldə olundu.
Bu gün Milli Şura demək olar ki, yekdilliklə professor Cəmil Həsənlini yeni vahid namizəd seçdi. Cəmil Həsənli dünyada tanınan görkəmli tarixçi alimdir. Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağla bağlı çox qiymətli araşdırmaların, onlarla kitabın müəllifidir. Cəmil müəllimin "soyuq müharibə" illərinə aid kitabını isə Harvard universiteti çap edib. Cəmil müəllim Ziyalılar Forumunun təsisçilərindəndir. Ziyalı adını doğruldan, şərəflə daşıyan, hər zaman ədalətin yanında olmağı bacaran şəxsiyyətdir. Cəmil Həsənli zəngin siyasi təcrübəyə də malikdir. 10 ildən artıq AXCP sədrinin müavini, 10 il millət vəkili kimi siyasətlə məşğul olub. Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”.
Qeyd edək ki, Milli Şuranın bu gün keçirilən sessiyasında Cəmil Həsənli qurumun prezidentliyə ikinci vahid namizədi seçilib.


































































































