Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi general Elçin Quliyev, onun müavini general İlqar Əliyev sahibkarlara divan tutur.
Bu barədə adının çəkilməsini istəməyən iş adamları əməkdaşımıza məlumat veriblər. Onların bildirdiyinə görə idarənin rəhbərliyi müxtəlif vasitələrlə onlara hədə-qorxu gəlir, müxtəlif şantaj üsullarından istifadə etməklə haqq tələb edirlər. "İlqar Əliyev məni yanına apartdırdı, dedi ki, Bakıdakı obyektlərindən külli miqdarda qazanc əldə edirsən, bunu təkbaşına sənə yedirməzlər. Bəri başdan 100 min manat, daha sonra hər ay gəlirin 50 faizi bizimdir. Mən "belə Allahsızlıq olmaz" dedim. Amma İlqar Əliyev rişxəndlə gülərək "MTN-nin podvalında Allahı da, bəndəni də tanıyarsan" dedi. General mənim onda intim videolarımın olduğunu, hər addımımın güdüldüyünü, əgər şərtləri yerinə yetirməsəm videoların internet vasitəsi ilə yayılacağını bildirdi".
Əməkdaşımızla söhbət edən sahibkar bununla bağlı ölkə rəhbərliyinə müraciət etdiyini, amma gözləntilərinin əksinə olaraq MTN tərəfindən təhdidlərin artdığını qeyd edib. "Mənim başıma torba keçirib MTN-ə apardılar, gözümü açanda özümü general Elçin Quliyevin otağında gördüm. O, "deməli bizdən şikayət edirsən. Elə bilirsən sənə kimsə kömək edəcək? Bu ölkədə söz sahibi bizik" deyib çənəmə ağır zərbə vurdu. Huşumu itirib yerə sərildim. Ayılanda idmançı görkəmli əməliyyatçılar məni vəhşicəsinə döyməyə başladı. Bundan sonra onların bütün şərtlərinə əməl edəcəyimə söz verdim. Məni azad etdilər, amma bir neçə həftə xəstəxanada yatdım". Sahibkar müraciətində qeyd edir ki, Elçin Quliyev və İlqar Əliyevin bu cinayətlərini ictimaiyyətə açıqlamaqla iş adamlarının hansı təhdidlər altında işlədiklərini ölkə rəhbərliyinə və cəmiyyətə göstərmək niyyətindədi.
Pərviz Həşimli






























































































