İlham Əliyevlə Putinin əsas müzakirə mövzusu nə olub? – SON GƏLİŞMƏ

İlham Əliyevlə Putinin əsas müzakirə mövzusu nə olub? – SON GƏLİŞMƏ

Hazırda oxunan: İlham Əliyevlə Putinin əsas müzakirə mövzusu nə olub? – SON GƏLİŞMƏ

29330

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər etdi. Azərbaycan liderinin Rusiya rəhbərilə görüşü də baş tutdu və müəyyən müzakirələr aparıldı. Görüşü necə şərh etmək olar?

"Hər şeydən öncə qeyd etmək lazımdır ki, Risiya ilə Azərbaycanın münasibətləri dinamik inkişaf edir. Belə səfərlər təbii ki, dövlətlərarası strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirir. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşıdır" deyən millət vəkili Elşad Mirbəşiroğlu əlavə etdi ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki tərəfin təşəbbüslərini müşahidə edirik.

Bizim.Media-ya özəl açıqlamasında deputat onu da dedi ki, bunu Rusiya prezidenti də ayrıca olaraq vurğuladı:
 

MÖVZU İLƏ BAĞLI:

Moskva görüşündə diqqət çəkən 3 vacib məqam - DETALLAR


"Bildirdi ki, Rusiya tərəfindən Azərbaycana nüfuzlu nümayəndə heyəti gələcək. Bu, pandemiyadan sonra Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsinə xidmət edəcək bir səfər olacaq. Çox güman ki, o, yeni iqtisadi əməkdaşlıq istiqamətlərini nəzərdə tuturdu. Nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycanın Cənubi Qafqazı əhatə edən birgə strateji layihələri mövcuddur. Bu mənada Şimal-Cənub nəqliyyat dəhlizini xüsusi qeyd etmək lazımdır".

Millət vəkilinin fikrincə, Rusiya üçün bu dəhlizin iqtisadi plusları olduğu kimi, geosiyasi əhəmiyyəti də var. Azərbaycan Prezidenti artıq 20 % yükdaşımanın həyata keçirildiyini deyərək bu dəhlizin inkişafına işarə edib. Görüşdəki müzakirə mövzularından biri də koronavirus olub. Hətta COVİD vaksininin birgə istehsalı da müzakirə oluna bilər. 

Səfərin ən vacib məqamı isə münaqişədən sonrakı vəziyyətin müzakirəsi idi:

"Azərbaycan tərəfi postmünaqişə mərhələsində də siyasi təmkin nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın təxribatlarının da qarşısını alır. 

Bütövlükdə hesab edirəm ki, Rusiyanın özünü də narahat edən məqamlar göz önündədir. Belə ki, Rusiya tərəfi hər zaman açıq mətnlə 10 noyabr birgə bəyanatının şərtlərinə əməl olunmasının vacibliyini bildirirdi. Amma Ermənistan tərəfinin davranışlarından aydın görünür ki, İrəvan bəyanatın şərtlərinə əməl etməkdən yayınmağa çalışır. Görünən reallıq da ondan ibarətdir ki, Ermənistanı buna onları dəstəkləyən qərb dövlətləri sövq edir. Ayrıca olaraq Fransanı qeyd etmək olar"

Millət vəkilinin sözlərinə görə Qərbin bəzi təklifləri reallaşsa, region geosiyasi toqquşmalar meydanına da dönüşə bilər. Çünki Ermənistan da ABŞ ilə Fransanın ATƏT-in Minsk Qrupunu bölgəyə qaytarmaq planına uyğun davranır və gərginliklər yaratmağa çalışır:
 

"Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfərinin əsas məqamlarından biri də ondan ibarətdir ki, vəziyyəti gərginləşdirə biləcək istənilən provokativ addımların qarşısı preventiv olaraq alınsın.


Bu mənada Rusiya ilə Azərbaycanın mövqeləri oxşardır. Çünki münaqişənin mövcudluğu fonunun yaranmasında Rusiya da maraqlı deyil. Bu, Moskvanın beynəlxalq imicinə zərbədir. Ermənistan da Rusiya sülhməramlılarının fəaliyyətsizliyini göstərməyə çalışır. Missiyanın bölgədə olmasına baxmayaraq atəşkəs yenə də pozulur.

Ermənistan iddia edir ki, atəşkəsi Azərbaycan tərəfi pozur və beynəlxalq ictimaiyyəti bu istiqamətdə çaşdırmağa çalışır. Bu da İrəvana Qərbdən gələn təlimatlar əsasında reallaşdırılan davranışlardır. Guya Azərbaycan atəşkəsi pozur, Rusiya sülhməramlıları isə buna göz yumur.

Belə olan halda isə üçüncü qüvvələrin regionda mövcudluğu vacibdir. Ermənistanın yaratmaq istədiyi reallıq bundan ibarətdir.
 

Amma təbii ki, Rusiya və Azərbaycan prosesləri diqqətlə izləyirlər. Qardaş Türkiyə də Azərbaycan və Rusiyanın bu istiqamətdə təşəbbüslərini dəstəkləyir. Bütün bunlar müzakirələrdə əhatə olunmuş məsələlərdir".


Deputat şərhini bu fikirlə tamamladı ki, Prezidentin Rusiya səfəri tərəflərin gələcək addımlarının müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO