Şuşa təxribatı – Rusiya KTMT, Qərb nə istəyir?

Şuşa təxribatı – Rusiya KTMT, Qərb nə istəyir?

Hazırda oxunan: Şuşa təxribatı – Rusiya KTMT, Qərb nə istəyir?

28821

Son günlər hər kəsin diqqəti işağldan azad olunmuş  Şuşa şəhəri və ətraf ərzilərdə ardıcıl sürətdə baş verən təxribat cəhdlərinə yönəlib. Azərbaycanın münaqişənin bitdiyini rəsmi səviyyədə elan etməsinə baxmayaraq, erməni silahlı birləşmələrinin atəşkəsi pozması qarşı tərəfin eyni düşüncədə olmadığını göstərir. Hadisələrin gedişində diqqət çəkən əsas məqam isə illərdir münaqişənin nizamlanması prosesində fəal iştirak etməyə can atan üçüncü tərəflərin səssizliyidir.

Məğlub Ermənistanın Qarabağda yeni müharibəyə başlamaq barədə düşünməsi heç də inandırıcı görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı ekspertlər Şuşa döyüşlərinin SİRRİNİ AÇDI – Şəhər hansı saatda, necə AZAD OLUNUB?


Çünki Ermənistan hakimiyyətində və ordusunda təmsil olunan şəxslər Qarabağ bölgəsindəki reallıqların köklü sürətdə dəyişdiyini yaxşı başa düşür. 

Sülh sazişinin bağlanmasından bu günədək keçən müddət Azərbaycanın ordusunun strateji mövqelərdə yerləşməsi və bütün bölgəyə nəzarət imkanı qazanması üçün yetərlidir. Belə bir şəraitdə Ermənistan tərəfinin məqsədli şəkildə atəşkəsi pozması və regionda sülhün bərqərar olması üçün “daim” çalışan güclərin isə bu məsələsi səssizliyi haqlı şübhələr doğurur. Nə üçün Ermənistanın elə Qaragöl hadisələri baş verdiyi vaxt yox, məhz indi müharibə istəyi alovlandı?

Rusiya Azərbaycandan nə istəyir?

Hələ Qarabağda atəşkəsin pozulmasından əvvəl media məkanında Azərbaycanın KTMT-na müşahidəçi üzv kimi daxil olması ehtimalı barəsində xəbərlər tirajlandı. Bir sıra Rus ekspertlərinin müsahibələri və açıqlamaları ardıcıl sürətdə tirajlanaraq belə bir prosesin mümkün ola biləcəyi barəsində ilkin təəsüratın yaradılmasına cəhdlər edilirdi.

Bu proses müəyyən mənada başa düşüləndir. Çünki Rusiya faktiki olaraq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasına “yaşıl işıq” yandırıb. Münaqişə ən qısa zamanda həll edilməsi yeni geosiyasi strategiya inşa edən Rusiyanın da mənafeyinə uyğun idi. Lakin uzun illərdir ki, Rusiya eyni zamanda Cənubi Qafqazda Azərbaycanı təsiri altına almaqda da istəkli idi. 

Münaqişənin həllinə qarışmamaq müqabilində Rusiyanın Azərbaycandan bəzi güzəştlər istəməsi bu baxımdan daha məntiqli görünür.

Rusiyanın mövqeyi açıqdır: Azərbaycan Rusiyanın müttəfiqi olmalıdır və bunu açıq şəkildə göstərməlidir. Bu şərtlər daxilində KTMT-na üzvlük məsələsi də Rusiyanın gec-tez Azərbaycanın qarşısına çıxaracağı bir seçim idi. Son həftələrdə baş verənlər isə bu prosesin addım səsləridir.

Ermənistanın proseslərdəki rolu nədir?

Azərbaycanın KTMT-yə üzvlüyü məsələsinin gündəmə gətirilməsi ilk olaraq Qərbin maraqlarına ziddir. İllərdir Rusiya Azərbaycanı qazanmağa çalışdığı kimi, Qərb də eyni dərəcə bu prosesə mane olmağa çalışır. Azərbaycan isə mümkün olduğu ölçüdə tərəfsizliyini qorumağa və mövcud şəraitdən diplomatik qazanc əldə etməyə çalışır.

Hazırda Ermənistanda Qərbin birbaşa dəstəyini alan və bir çox sahədə Qərbin birbaşa diktəsi ilə hərəkət edən bir hakimiyyət mövcuddur. Ermənistanın diplomatik simasını, Qarabağ məsələsindəki yekun mövqeyini müəyyən edən də məhz Qərbdir. Ermənistan hakimiyyəti həm də Minsk Qrupunun sıradan çıxarılması nəticəsində Qərbin proseslərə əsas müdaxilə kanalıdır.

Bu kanal vasitəsilə ABŞ və Ermənistanın digər havadarları Ermənistan hakimiyyəti üzərindəki nüfuzlarından istifadə edərək Azərbaycana və Rusiyaya lazımi mesajları göndərir.

Qərb Azərbaycana və Rusiya nə mesaj verir?

Bu baxımdan Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə atəşkəsin pozulmasını Qərbin Azərbaycana və Rusiyaya verilən mesajı kimi qiymətləndirmək olar. Mesajın KTMT ilə bağlı xəbərlərin yayılmasından dərhal sonra baş verməsi, bir sıra Qərb səfirlərinin Şuşaya səfərdən imtina etməsi ilə müşahidə olunması da bunun ən bariz göstəricisidir. Qərbin mövqeyi açıqdır: Münaqişə hələ bitməyib, yenidən alovlanmaq təhlükəsi var və bu dəfə Qərb öz tərəfini seçə bilər. Problemlərin həll olunması üçün KTMT-yə yox, məhz Qərbə ehtiyac var.

Çünki Qarabağda atəşkəsin hazırkı təminatçısı Rusiyadır və əgər atəşkəs pozulursa, deməli Rusiya işini elə də yaxşı görə bilmir.

Təxribatlardan dərhal sonra isə Azərbaycan tərəfinin Ermənistan sərhədləri daxilinə yer alan tarixi Azərbaycan torpaqları ilə bağlı məsələni gündəmə gətirdi. Diqqət çəkən əsas məqam isə əvvəllər KTMT üzvü olan Ermənistanın ərazi bütövlüyünü hər vəcdlə qoruyacağını elan edən Rusiyanın səssizliyi oldu. Deməli, Ermənistana və dolayısı ilə Qərbə cavab xarakteri daşıyan Azərbaycanın oxşar bəyanatları Rusiyanın da mənafeyinə uyğundur və səssizliyin səbəblərindən biri də məhz budur.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO