Mayın 12-də Azərbaycanın sərhədlərin delimitasiyasına başlaması Ermənistanı KTMT-in qapısında yatmağa məcbur etmişdi. Hər vəchlə suverenliyinin pozulduğunu isbat etməyə çalışan rəsmi İrəvanın bütün istəklərinin cavabsız qalmasına baxmayaraq, ermənilər yenədə cəhdlərini davam etdirirdi.
Amma iyulun 3-də keçirilən KTMT iclasında Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyət haqqında səsləndirilən fikirlər erməniləri şoka salıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Pakistan KTMT-yə üzv olmaq üçün müraciət edib - RƏSMİ
KTMT-də səsləndirilən obyektiv münasibət Ermənistanın bu təşkilatdan gözləntilərini sıfıra endirib. Görüş zamanı aparılan müazkirələrdə sözügedən məsələnin sərhəd problemi olduğu və Ermənistan ərazisinə təcavüzdən söhbət getmədiyi vurğulanıb.
Bundan sonra Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan iyulun 5-də KTMT sədri Stansilav Zasa telefonla zəng edərək məsələnin “obyektiv” qiymətləndirilməsini xahiş edib.
Bəs, hadisələrin bu cür cərəyan etməsi nədən xəbər verir?
KTMT xəyallarının suya düşməsi Ermənistanın danışıqlara əvvəlki kimi pozuculuq niyyəti ilə yaxınlaşmasını əngəlləyəcək. Belə olan halda isə, Azərbaycanın qarşısına əməkdaşlığa könüllü olmasa da, məcbur buraxılmış rəsmi İrəvan çıxacaq və nəticədə 10 noyabr və 11 yanvarda imzalanan razılaşmaların həyata keçirilməsi daha da asanlaşacaq.
Qeyd olunan situasiya yarandığı təqdirdə, ilk olaraq sərhədlərin delimitasiyasının yaxın vaxtlarda başlayacağını asanlıqla söyləyə bilərik. Eyni zamanda, sözügedən prosesin Ermənistanın sərhədlərinin müdafiəsini həvalə etdiyi rus qoşunlarının da heç bir maneəsinə rast gəlmədən həyata keçiriləcəyi real görünür. Belə olan halda isə, Azərbaycana qarşı çıxmağa gücü qalmayan erməni qüvvələrinin də hər hansı müqavimət göstərəcəyi ehtimalı proqnozlaşdırılmır. Bu cür vəziyyət isə, Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş sərhədlərini təmin etməsi ilə nəticələnəcək.
Həmçinin Ermənistanın bu məsələyə mane olmaması keçmiş münaqişə tərəfləri arasında dialoqun yaranmasını, sonda isə tərəflərin bir-birini dövlət olaraq tanımasını mümkün edə bilər.
Lakin delimitasiya məsələsinin həlli sülh prosesinin hələ ilk mərhələsidir. Sözügedən problem aradan qalxdıqdan sonra, artıq sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atmaq mümkün olacaq. Müqavilənin isə, ciddi müqavimətlə qarşılaşmadan əvvəlki razılaşmalara uyğun şəkildə hazırlanacağı ən böyük ehtimaldır.
Sözügedən problemlər öz həllini tapdıqdan sonra, kommunikasiyaların bərpası ilə bağlı lazımi işlər aparılması daha da asanlaşacaq. Nəqliyyat əlaqələrinin qurulmasına isə, nəinki KTMT, heç digər böyük güclərin də etiraz edəcəyi real görünmür. Bir neçə gün öncə Çinin Azərbaycandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı səsəndirdiyi fikirlər rəsmi Pekinin də sözügedən məsələdə tutduğu mövqeyi göz önünə sərdi. Eyni zamanda, Çinlə yanaşı Qərbin əsas söz sahiblərindən olan Böyük Britaniyanın da məsələyə isti yanaşdığını söyləyə bilərik.
Sadalanan faktlar və regiondakı mövcud vəziyyət isə Azərbaycanla Naxçıvan arasında əlaqələrin bərpası üçün real maneələrin elədə çox olmadığının göstəricisidir.
Ümumilikdə isə, KTMT-nin neytral mövqe sərgiləməsi bölgədə gələcək sülh üçün əsas maneənin aradan qalxması deməkdir. Belə olan halda isə, münaqişələrdən bezmiş bölgənin işıqlı gələcəyi ilə bağlı nikbin proqnozlar verməyin əsil vaxtının gəldiyini asanlıqla söyləyə bilərik.
Murad Əhmədov, Bizim.Media