Gürcüstanda oktyabrın 4-də bələdiyyə seçkiləri keçiriləcək. Seçki ərəfəsində ölkədə yenə də gərginlik müşahidə edilir. Müxalifət son parlament seçkisində olduğu kimi, yenə də qarmaqarışıqlıq, hərc-mərclik yaratmağa çalışır.
Bu fonda Tiflis meriyası tərəfindən oktyabrın 4-də yerli seçkilərlə yanaşı keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub.
Meriya qanun pozuntuları aşkar edilərsə, “qanuni tədbirlər” barədə xəbərdarlıq edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze də qeyd edib ki, vətəndaşların dinc toplaşmaq hüququ var, lakin zorakılıq və ya qanun pozuntusu baş verərsə, sərt cavab tədbirləri görüləcək.
Hər halda görünən odur ki, gürcü müxalifəti yenidən ölkəni xaosa sürükləməkdə maraqlıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, müxalifət növbəti dəfə ölkədə xaos, qarmaqarışıqlıq yaratmağa cəhd edəcək:
“Bildiyiniz kimi, Gürcüstanda son parlament seçkiləri ətrafında böyük qalmaqallar yaşandı. Qalmaqal isə xariclə əlaqəli olan təşkilatlar və şəxslərin öz fəaliyyətlərini ölkənin daxili qanunvericiliyi çərçivəsində aparmamaları, üstəlik xarici maraqlara qulluq etmələrilə ilə bağlı idi. Həmin dövrdə də müxalifət ölkəni xaosa sürükləməyə cəhd etdi. Amma onlar istəklərinə nail olmadılar və hakim “Gürcü arzusu” Partiyası prosesdən qalib çıxdı.
Amma bu o demək deyil ki, müxaliflər məğlubiyyətlə barışıb.
Gürcüstan müxalifəti bir sıra xarici institutlarla əlaqəlidir. Onlar xaricdən təlimat, maliyyə dəstəyi alır. Yeri gələndə hətta müxalifəti təlimatlandırırlar. Bir həqiqəti mütləq nəzərə alaq ki, Qərbin demokratik institutları heç zaman öz məğlubiyyətlərilə barışmır. Onlar mübarizəni sona qədər aparır. Gürcüstan cəmiyyətinin xüsusiyyətlərinə yaxşı bələd olan Qərb anlayır ki, ölkədə yeni döyüşə hazırlaşmaq lazımdır. Düşünürəm ki, Qərb və gürcü müxalifəti məhz bu strateji xətlə hərəkət edir”.
Politoloq deyir ki, bələdiyyə seçkilərində müxalifət qalib gəlsə, fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar:
“Gürcüstanda bələdiyyə seçkilərinin də təsir imkanları var. Amma bu, ölkənin xarici siyasət vektoruna təsir göstərmək dərəcəsində deyil. Yerlərdə müxalifət üstünlük qazansa, mütləq şəkildə fəaliyyətlərini genişləndirəcəklər. Bu da onlara sosial bazalarını genişləndirməyə imkan yaradacaq. Çünki bələdiyyələr adətən elektoratla işləyir. Ona görə də müxalifət seçkilər dövründə qalmaqal və xaos mühiti yaratmağa çalışacaq”.
“Gürcü arzusu” proseslərə kifayət qədər hazırlıqlıdır.
Ekspert qeyd edir ki, Gürcüstan hakimiyyəti hərc-mərcliyin olmasına imkan verməyəcək: “Hakim partiya da bunu anlayır və onlar da kifayət qədər hazırlıqlıdırlar. Ona görə əllərindən gələni edəcəklər ki, seçkilərdə qayda pozuntuları, hərc-mərclik olmasın. Qeyri-qanuni aksiyaların da qarşısı alınacaq. Seçkiləri də qanunvericiliyə uyğun şəkildə keçirməyə çalışacaqlar”.
Rüfət Sultan, Bizim.Media