Son günlər ABŞ və Fransa ATƏT-in Minsk Qrupunu gündəmə gətirməklə məşğuldurlar. Yoxsa ABŞ dövlət katibinin müavin köməkçisi regiona səfər etməzdi və çıxışlarında Ermənistan-Azərbaycan konfliktinin həllində az qala 3 onillik faydasız fəaliyyət göstərən həmsədrlərin prosesə qoşulmasının üzərində dayanmazdı.
“Burada rəqabət görsənir. Çünki həm Rusiyanın, həm də Türkiyənin Qərblə münasibətləri gərgindir. Müxtəlif mövzulara dair problemlər ortaya çıxır. Bu iki ölkənin hansısa region üzərində bir-birilə dil tapması və bölgədə dominant kimi siyasi nüfuzlarını göstərməsi Qərbi narahat edir”.
MÖVZU İLƏ BAĞLI:
Tofiq Zülfüqarov: "Ermənistanda seçkiqabağı dəqiqləşdirmələr gedir"
Bizim.Media-ya müsahibəsində politoloq Tofiq Zülfüqarov qərbin məxfi istəklərindən də danışdı.
Belə ki, Qərb Cənubi Qafqazda Türkiyə-Rusiya tandemini pozmaq istəyir. ABŞ və Fransanın ATƏT-in Misnk Qrupunu qabartmasının ikinci səbəbi ondan ibarətdir ki, artıq regionda Ermənistanın gələcəyi barədə müxtəlif fikirlər səslənir:
“Əsas məsələ ondan ibarətdir ki, gələcəkdə İrəvan hansı siyasəti həyata keçirəcək. Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, Ermənistan qərbyönümlü siyasət reallaşdıracaq. Təbii ki, Ermənistan bir növ rəqabət arenasına dönüb.
Orada həm Rusiyanın, həm də Qərbin maraqları toqquşub. Bu baxımdan anlayırıq ki, istər-istəməz ABŞ və Avropa Ermənistanın qərbyönümlü siyasət sərgiləməsinə çalışacaq. Azərbaycan isə indiki mərhələdə Rusiya-Türkiyə tandeminə üstünlük verir”.
Ermənistan uğrunda qərblə Rusiyanın mübarizəsindən bəhs edən Tofiq Zülfüqarov əlavə etdi ki, artıq Azərbaycan öz seçimini edib. Və Minsk Qrupu məsələsini qaldıranlara məntiqli bir cavab var:
“ATƏT-in Minsk Qrupu gəlib burada nə edəcək? Həmsədrlərin hansı mövzularda faydası dəyə bilər? Onlar fikir və təkliflərini aydın formada açıqlasalar, Azərbaycan bununla bağlı qərar qəbul edər. ABŞ dövlət katibinin müavin yardımçısı da həmin cavabı aldı.
Hələki Qərbin bizə hansısa real təklifini görmürük. Bircə real təklif gördüm, o da guya ki, onlar texniki vasitələrlə delimitasiyada bizə kömək eləmək niyyətindədirlər. Amma o texniki vasitələr bizdə də var”.
Anar Rəhimov, Bizim.Media