“1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub”.
Bizim.Media xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ruben Vardanyanın ittihamı üzrə bu gün keçirilən növbəti məhkəmə prosesində Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edərkən bildirib.
Qeyd edilib ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Bizim.Media