"Mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib".
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.
"Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq.
Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq", deyə o, qeyd edib.
Azərbaycan Prezidentinin sözlərinə görə, böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat:
"Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir".
Bizim.Media