Suriyada nisbi SAKİTLİK – Silahlar nə vaxt “danışmağa” BAŞLAYACAQ? – TƏHLİL

Suriyada nisbi SAKİTLİK – Silahlar nə vaxt “danışmağa” BAŞLAYACAQ? – TƏHLİL

Hazırda oxunan: Suriyada nisbi SAKİTLİK – Silahlar nə vaxt “danışmağa” BAŞLAYACAQ? – TƏHLİL

225501

Suriyada bir həftədir ki, nisbi də olsa sakitlik höküm sürür. Əbu Muhəmməd Əl-Culaninin rəhbərlik etdiyi  “Həyat Təhrir əş-Şam” qruplaşması ölkədəki proseslərə böyük ölçüdə nəzarət edir. Hətta ölkədə müvəqqəti keçid höküməti də yaradılıb və yeni seçkilər elan edilib.

Maraqlıdır ki, müvəqqəti hökumətdə təmsil olunmayan Əbu Muhəmməd Əl- Culani seçkilərdə iştirak edəcəyini bəyan edib.

Yəni o prezident olmaq istəyir.

Bu istəyin fonunda Suriyada qarşıdurma və siyasi insidentlər qeydə alınmır. Təbii ki, İsrailin hərbi müdaxiləsini nəzərə almasaq. Məlum olduğu kimi İsrail hərbi qüvvələri Dəməşqin 20 kilometrliyinə qədər gəlib. Suriya-İsrail sərhəddinə isə birmənalı şəkildə İsrail nəzarət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Suriyadan geri çəkilir, lakin bölgədə bazalarını saxlayır - KİV


Hətta idda olunur ki, Bəşər Əsəd Rusiyaya salamat getməsi müqabilində Suriyanın hərbi bazalarının dəqiq kordinatlarını Təl-Əvivə verib. Ona görə də davamlı şəkildə İsrail Suriyadakı hərbi bazaları raket atəşinə tutur.

Qərb də Suriyadakı müvəqqəti hökumətə loyal münasibət göstərir.

Bununla belə ABŞ dövlət katibi Antoni Blinken Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib. Blinken bildirib ki, o və digər diplomatlar İordaniyanın Aqaba şəhərində “Heyət Təhrir əl-Şam”ın (HTŞ) nümayəndələri ilə danışıqlar aparıb.

Müzakirələrədn sonra ABŞ, Türkiyə, Avropa İttifaqı (Aİ) və ərəb ölkələrindən olan diplomatlar “daha ümidli, təhlükəsiz və dinc gələcək qurmaq üçün tarixinin bu kritik anında Suriya xalqına tam dəstək verəcəklərini” vəd ediblər.

Digər bir maraqlı fakt isə odur ki, son bir həftədə İran Suriyada küncə sıxılmış vəziyyətə düşüb. Bəşər Əsəd hökumətinin süqutundan sonra Hizbullah artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilmir. Livan “Hizbullah”ının lideri Nəim Qasım çıxışında bildirib ki, Hizbullah Suriyadan keçən hərbi təchizat xəttini itirib:

““Müqavimət oxu” vəziyyətə uyğunlaşmalıdır. Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, Hizbullah silahlarını yerə qoymağa məcburdur”.

Xatırladaq ki, Hizbullah və İran Bəşər Əsədin müttəfiqləri idilər və müxalifəti məhv etmək üçün on ildən çox vətəndaş müharibəsi aparıblar.

Rusiya Suriyada mövcudluğunu hələki saxlayır

Digər maraqlı məqamsa Rusiya Latakiyadakı Xmeymim aviabazasında, həmçinin Aralıq dənizi sahilindəki Tartus limanında hərbi dəniz bazasındakı mövcudluğudur. Nəzərə alaq ki, 2017-ci ildə Moskva və Əsəd hökuməti rus qoşunlarının hər iki yerdə 49 il ərzində heç bir ödəniş etmədən qalmasına razılıq imzalayıb.

Kreml Suriyanın yeni rəhbərliyi ilə hərbi bazaların saxlanılması ilə bağlı danışıqlar aparır. Yeni müvəqqəti administrasiyaya yaxın olan yüksək rütbəli üsyançı rəsmi “Reuters”-ə açıqlamasında bunu təkzib edib, lakin Moskvanın onunla əlaqə qurduğunu söyləyib.

Lakin Colani “Syria TV”yə müsahibəsində bildirib ki, müvəqqəti hökümət Rusiyaya Suriya xalqı ilə münasibətlərə yenidən baxmaq imkanı verib.

Göründüyü kimi, hələlik nə diplomatik, nə də hərbi sahədə elə bir ciddi qarşıdurma nəzərə çarpır.

Bəs, bu sakitlik nə zaman pozula bilər?

Lakin görünən odur ki, Suriyadakı nisbi sakitlik uzun sürməyəcək. Bunun bir sıra səbəbləri var. Əsas səbəbsə, Qərblə bəzi ölkələrin Suriya üzərində toquşan maraqlarıdır. Əvvəla, Rusiyanın Suriyada böyük hərbi kontingenti var. ABŞ və bəzi Avropa dövlətləri bunun daha uzun müddətdə davam etməsinə razı olmayacaq. Suriyanın yeni hökumətindən tələb olunacaq ki, Rusiya birdəfəlik ölkə hüdudlarından qovulsun. Yeni Suriya-Rusiya münaqişəsi də Qərbin işinə yarayır. Ona görə də yaxın zamanlarda Suriyada silahlar yenidən danışa bilər.

İran faktoru

Qərb çalışacaq ki, İranın Suriyaya təsir imkanları aradan qalxsın. Eyni zamanda Suriyanın yeni hökumətindən tələb olunacaq ki, Suriya ərazisindən keçməklə Avropaya çatdırılması nəzərdə tutulan qaz kəmərlərinin çəkilməsi məsələsi öz həllini tapsın. Nəzərə alaq ki, 2001-ci ildə ilk dəfə Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi gündəmə gəlib və məsələ razılaşdırılıb.

Bəşər Əsəd əvvəlcə bu layihəyə müsbət fikir bildirsə də, 2006-cı ildə ona qarşı çıxıb. Nəticədə, layihə bu illər ərzində kağız üzərində qalıb. Həmin layihənin gerçəkləşməsinə Rusiya, xüsusən də İran əngəl olurdu. Moskva düşünürdü ki, Qətər qazı Avropaya çıxsa “Qazprom” buradakı dominant mövqeyini itirəcək. Xatırladaq ki, Ukrayna müharibəsinə qədər Avropanın idxal etdiyi qazın 40 faizi “Qazprom”un payına düşürdü.

İran isə Fars Körfəzində Qətərlə bəzi mübahisəli qaz yataqlarına görə, həm də öz qazını Suriya üzərindən Avropaya çıxarmaq istəməsi səbəbindən Əsədə ciddi təzyiq göstərirdi. Üstəlik, Qətərdən Avropaya yeni dəhlizin açılması İranın Fars körfəzindəki hegemonluğunu sonlandıra bilər.

Nəzərə alaq ki, dünyanın neft-qaz tədarükünün 30 faizə yaxını İranın nəzarətində olan Hörmüz boğazından keçir. Ona görə də yeni kommunikasiya təbii ki, İranı böyük ölçüdə geri sala bilər. Bu səbəbdən Tehran çalışacaq ki, Suriyada yeni qarşıdurmalar başlasın və bu layihə gündəmdən düşsün.

ABŞ hələlik seyrçi mövqeyindədir.

Rəsmi Vaşinqton hələ ki yeni hökumətlə əməkdaşlıq edəcəyini deyir. Amma hansısa şərti açıqlamır. Bu da çox təhlükəlidir. Çünki bir sıra dövlətlər Suriyada formalaşan yeni hökumətlə hansı şərtlər çərçivəsində əməkdaşlıq edəcəklərini açıq ifadə edirlər. Amma Vaşinqtonun qeyri-müəyyən mövqeyi ciddi narahatlıq doğurur.

Qeyd etdiyimiz kimi, Blinken “Heyət Təhrir əl-Şam”ın (HTŞ) nümayəndələri ilə danışıqlar aparıldığını deyib. O bildirib ki, bu danışıqlardan sonra ABŞ öz qərarını verəcək.

Təbii ki, ABŞ-ın yeni hökumətdən xeyli gözləntiləri var. Bu ilk növbədə Rusiya, İran və hətta Türkiyə ilə bağlıdır. Vaşinqton çalışacaq ki, ilk növbədə İraqdakı kimi Suriyada qeyri-müəyyən idarəetmə strukturu formalaşsın. Suveren və güclü Suriya ABŞ-a lazım deyil. Çalışılacaq ki, Suriyada federativ bir idarəetmə sistemi yaradılsın. Bunun hesabına da Suriyadakı etnik azlıqların əli ilə rəsmi Dəməşqi davamlı təzyiq altında saxlasın.

Türkiyənin Suriya ərazisində sərbəst hərəkətinə ABŞ qadağa qoymağa çalışacaq. İranın da nüfuzunun bir qədər zəifləməsini istəyəcək. Bundan başqa ABŞ Rusiyanı Suriyada görmək istəmir.


Ən nəhayət ABŞ Suriyada marianetka bir hökumətin olmasını istəyəcək. Sadaladığımız bu və digər məsələlər ABŞ-a sərf edən şəkildə həll olunmasa, növbəti ilin fevral-mart aylarında Suriyada yeni qarşıdurmalar başlaya bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO