BRİCS-dən GƏLƏN TƏKLİF - Azərbaycanın üzvlüyü təşkilat üçün niyə VACİBDİR?

BRİCS-dən GƏLƏN TƏKLİF - Azərbaycanın üzvlüyü təşkilat üçün niyə VACİBDİR?

Hazırda oxunan: BRİCS-dən GƏLƏN TƏKLİF - Azərbaycanın üzvlüyü təşkilat üçün niyə VACİBDİR?

209792

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də Türkiyə BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istəyən inkişaf etməkdə olan bazar ölkələri BRİCS qrupuna qoşulmağı rəsmi şəkildə xahiş edib.

Xatırladaq ki, daha öncə Azərbaycan BRİCS-ə daxil olmaq arzusunu ifadə edib
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BRİCS sammitinə DƏVƏT OLUNDU


Azərbaycanın və Türkiyənin eyni dövrdə BRİCS-ə üzv olmaq istəyi regionda və beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olub. Bəzi ölkələr üçün gözlənilən olmasa da, bu günün reallığı, zamanın tələbidir. Çünki inkişaf etmək, daha çox iqtisadi əlaqələrə sahib olmaq üçün belə bir təşkilata qoşulmaq həm Türkiyə, həm də Azərbaycan üçün çox vacibdir.

BRİCS nədir?

Məlumat üçün qeyd edək ki, təşkilat onu təsis edən ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb. 

Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.

Nəzərə alaq ki, təşkilata üzv dövlətlərin spesifik xüsusiyyətləri var. Məsələn, Braziliya kənd təsərrüfatı məhsulları ilə zəngin ölkədir. Rusiya dünyada mineral resursların ən böyük ixracatçısıdır. Hindistan ucuz intelektual resurslara malikdir. Sürətlə inkişaf edən Çin ucuz əmək resurslarının sahibidir. CAR isə təbii resurslarla zəngin ölkədir.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən üzv ölkələr 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib

Son zamanlar digər dövlətlərin də BRİCS-ə marağı artıb. Bir sıra ölkələr də quruma üzv olmaq arzusunu ifadə edib. Onlardan biri də Azərbaycandır.

Burada bir həssas məqam var... 

Azərbaycanın bu təşkilata üzv olmaq istəyi ilə yanaşı BRİCS ölkələri də ölkəmizin bu qurumda təmsilçiliyini istəyir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünyanın nəhəng kommunikasiya qovşaqlarının - Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinin mərkəzində yerləşir. Bundan başqa, Azərbaycan heç bir hərbi və siyasi bloka qoşulmayıb. Ancaq iqtisadi əlaqələrə önəm verən Azərbaycan bu mənada BRİCS üzvləri üçün çox maraqlı tərəfdaşdır.

Müasir BRİCS böyük iqtisadi gücə malik 9 dövləti birləşdirən və dünya ticarətinin 2/3-nə nəzarət edən iqtisadi modeldir. Ona görə də Azərbaycanın belə bir gücdə təmsil olunmaq istəyi tamamilə haqlıdır. 

BRİCS üçün Azərbaycan Qərbə açılan qapıdır...

Beynəlxalq ekspertlər hesab edir ki, Azərbaycanın və Türkiyənin BRİCS-ə üzv olması dünyada çox şeyi dəyişə bilər. Məsələn, Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı deyir ki, BRİCS nöqteyi-nəzərindən “sabitlik” anlayışının ən çox aid edilə biləcəyi iki ölkə var:

“Bu, Çin və Azərbaycandır. Əgər BRİCS ölkələri Qərb dövlətləri ilə münasibətlərdə sıçrayışa nail olmağı hədəfləyirsə, bunun üçün ən düzgün platforma güclü iqtisadiyyata və dünyanın bir çox dövlətləri ilə yüksək səviyyədə münasibətlərə malik olan Azərbaycandır”.

Onun sözlərinə görə, Azərbaycanın BRİCS-in Qərblə əlaqələrində əsas oyunçuya çevrilmək üçün bütün imkanları var. Bu da rəsmi Bakı üçün əlavə dividenddir.

Bu gün Azərbaycanı dünya ölkələri üçün maraqlı edən bir çox səbəblər var. 

Onlardan biri də Azərbaycanın uğurlu xarici siyasətidir. 30 ildir ki, Qərb İranla dil tapa bilmir. Azərbaycanın da İranla bağlı müəyyən qayğıları var. Lakin rəsmi Bakı rəsmi Tehranla ortaq dil tapmağı bacarır. Hələ Rusiyanı demirik. Dünya ilə üz-üzə qalan Rusiyanın Azərbaycanla ən yüksək səviyyədə münasibətləri var. 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov  Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini şərh edərkən bildirib ki, BRİCS  ölkələri üçün nəqliyyat dəhlizləri çox önəmlidir:

“Bu mənada Azərbaycanın yeni meqa layihəsi olan Zəngəzur dəhlizi BRİCS üçün çox cəlbedicidir. Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanı qismən BRİCS-in üzvü olan və ya quruma qoşulan Fars körfəzi ölkələri ilə birləşdirməlidir. Ona görə də Şimal-Cənub nəqliyyat dəhlizi çox vacibdir. 


Zəngəzur nəqliyyat dəhlizinə gəlincə, Rusiya onun inkişafında son dərəcə maraqlıdır. Çünki Zəngəzur nəqliyyat dəhlizi Rusiyanı ən mühüm ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə birləşdirir. Bundan əlavə, Zəngəzur dəhlizi Rusiyanı Türkiyə vasitəsilə ümumilikdə Aralıq dənizi regionu ilə birləşdirəcək. Orada kifayət qədər çox tərəfdaşlarımız var. Ona görə də Zəngəzur dəhlizi Rusiya və Çin üçün vacibdir”.

Göründüyü kimi, maraqlar qarşılıqlıdır. 

Həm BRİCS, həm də Azərbaycan birgə addımlamaqdan çox şey qazana bilər. Ona görə də bu birlik artıq tarixi zərurətə çevrilib. 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Dəvətlə bağlı danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətini dəstəkləyir:

“İnanırıq ki, Azərbaycanın üzvlüyü BRİCS-ə əlavə dinamika və unikal təcrübə, o cümlədən bir çox gündəmlər üzərində eyni vaxtda və konstruktiv şəkildə işləmək təcrübəsi gətirəcək”.

Görünən odur ki, Azərbaycanın BRİCS-ə üzvlüyü təkcə bu təşkilata yeni nəfəs gətirməyəcək, həm də ölkəmizin iqtisadi-siyasi inkişafına yeni impuls verəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO