“İsraildə və regionda vəziyyət gərginləşir. İndi əsas sual İsrailə cavab hücumunun necə olacağı və genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Eran Şayşon deyib.
MÖVZU İLƏ BAĞLI:
İsrail İranın hücumuna belə hazırlaşır: Akkumulyatorla işləyən sirenlər, peyk telefonları...
“İranın nüvə obyektlərinə zərbələr endiriləcək”
HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra gərginləşən İran-İsrail münasibətlərini şərh edən Eran Şayşon, Tehranın İsrailə atəş açacağı təqdirdə İranın nüvə layihəsinə son qoyulacağını bildirib:
“İranlılar genişmiqyaslı müharibə istəmirlər, lakin riskə getməyə hazırdırlar. Onlar bilirlər ki, hərtərəfli münaqişə olduğu təqdirdə İranın nüvə layihəsinin İsrailin hədəfinə çevriləcəyinə heç bir şübhə yoxdur. İsrail, Hizbullah tərəfindən Məcdəl Şəmsdə uşaqların öldürülməsinə cavab verməyə bilməzdi. İstənilən halda, İsrail müharibənin əvvəlindən bəri əsas hədəfi olan İsmayıl Haniyəni məhv etmək üçün ələ düşən nadir fürsəti əldən verə bilməzdi”.
Politoloq əlavə edib ki, əgər ciddi müharibə olsa, bunun sonunu görmək elə də asan deyil:
“Görünən odur ki, heç bir tərəf genişmiqyaslı müharibə istəmir, lakin İran və ya Hizbullah cavab verdiyi andan biz idarə oluna bilməyən və əlbəttə ki, hərtərəfli müharibəyə çevrilə biləcək bir vəziyyətə şahid olacağıq”, - deyə E.Şayşon əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media